Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəyə qarşı yeni genişmiqyaslı raket hücumuna hazırlaşdığı barədə xəbərdarlıq edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, kəşfiyyat məlumatları və beynəlxalq tərəfdaşlardan əldə edilən informasiyalar Rusiyanın yeni kütləvi hücum üçün raketlər hazırladığını göstərir.
“Bu hücum bu gün də baş verə bilər. İlkin məlumatlara görə, növbəti 48 saat ərzində həyata keçirilməsi mümkündür. Özünüzə diqqət edin və hava hücumu siqnallarına əməl edin”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski ABŞ-a da müraciət edərək Vaşinqtonun Ukraynaya dəstəyini davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.
“Ümid edirəm ki, Amerika Ukraynanın yanında olmağa davam edəcək və biz bu müharibəni ləyaqətli sülhlə başa çatdıra biləcəyik”, – deyə o qeyd edib.
Prezident əlavə edib ki, Ukrayna kəşfiyyatının məlumatına əsasən, Rusiya payız aylarında yeni və genişmiqyaslı səfərbərlik dalğası keçirməyə hazırlaşır.
Zelenskinin sözlərinə görə, Rusiya cəbhədə itirdiyi hərbçilərin sayını yeni cəlb olunan qüvvələrlə kompensasiya edə bilmir. Buna baxmayaraq, Vladimir Putinin hücumları genişləndirmək və müharibəni daha da böyütmək niyyətində olduğu bildirilir.
Rauf
























