Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən iaşə obyektlərinin birində insident baş verib.
İNFOAZ.MEDİA xəbər verir ki, ilkin məlumata görə, hadisə iş yoldaşları arasında yaranan mübahisə zəminində baş verib. İddiaya əsasən, Orxan adlı şəxs afisantın müştəri ilə maraqlanmasını irad tutaraq onunla mübahisə edib. Qısa müddət sonra mübahisə davaya çevrilib və nəticədə afisantın iş yoldaşı tərəfindən döyüldüyü bildirilir.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli İNFOAZ.MEDİA-ya bildirib ki, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən obyektlərin birində baş verən insidentlə əlaqədar ərazi üzrə polis şöbəsində araşdırma aparılır.
“Tərəflərin ərizə və izahatları alınıb, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsinə əsasən hadisəyə hüquqi qiymət veriləcək”, – deyə o qeyd edib.
Təbriz Dünyamalızadə
























