image-1021752_srcbackend

Suriya Bolqarıstandan gəmi faciəsi ilə bağlı müstəqil araşdırma tələb etdi

Suriya Qara dənizdə batmış “Alfa Watan” yük gəmisinin məhv olması ilə bağlı müstəqil araşdırma aparılmasını tələb edib.

Reuters-in məlumatına görə, bunu Suriyanın Limanlar və Gömrük Baş İdarəsinin beynəlxalq əlaqələr üzrə direktoru Mazen Aluşa bildirib. O, Beynəlxalq Dəniz Təşkilatını (IMO) və Bolqarıstan hakimiyyətini hadisəni hərtərəfli araşdırmağa çağırıb.

Məlumata görə, pilotsuz uçuş aparatlarının hücumundan sonra gəminin 10 ekipaj üzvü itkin düşüb. Onlardan 9-nun Suriya vətəndaşı olduğu bildirilir. Aluşa itkin heyətin və gəminin qalıqlarının aşkarlanması üçün bütün mövcud texniki imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.

Bolqarıstan vitse-admiralı Rumen Nikolov isə çərşənbə günü bildirib ki, itkin ekipaj üzvlərinin axtarışı dayandırılıb. Xilasetmə qüvvələri onların izinə rast gəlməyib. Axtarış əməliyyatı oktyabrın 6-da axşam saatlarında başa çatdırılıb və hazırda onun yenidən başlanması planlaşdırılmır.

Togo bayrağı altında üzən “Alfa Watan” gəmisi çərşənbə axşamı səhər saatlarında Bolqarıstan sahillərindən təxminən 130 kilometr məsafədə batıb. Həmin gecə Palaunun bayrağı altında üzən digər yük gəmisinə də pilotsuz uçuş aparatları ilə hücum edilib. Gəmidə yanğın baş verib, 18 dənizçinin hamısı təxliyə olunub. Onlardan ikisi xəsarət alıb.

Hər iki gəminin Bolqarıstanın müstəsna iqtisadi zonasında, lakin ərazi sularından kənarda olduğu bildirilir.

Ukrayna Prezidenti Vladimir Zelenski ticarət gəmilərinə hücumlarda Rusiyanı ittiham edib. Onun sözlərinə görə, Moskva Qara dənizin qərb hissəsini gəmiçilik üçün yararsız vəziyyətə gətirməyə çalışır. Bolqarıstanın Baş naziri Rumen Radev isə Rusiyanın hücumlara aidiyyəti barədə birbaşa sübutların olmadığını bildirib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki