image-1021755_srcbackend

Britaniya donanmasının hərbçisi Rusiyaya casusluqda ittiham olunur

Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin hazırda xidmət edən hərbçisi məxfi məlumatları Rusiya hakimiyyətinə ötürmək məqsədilə toplamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.

Bloomberg-in məlumatına görə, 24 yaşlı Teddi Yanq 2024-cü ilin noyabrından 2025-ci ilin mayınadək casusluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinir.

Yanq həbs olunana qədər Kral Donanmasının kəşfiyyat idarəsində çalışıb. Prokurorluğun məhkəməyə təqdim etdiyi materiallara əsasən, o, müdafiə və kəşfiyyat sahəsinə aid məxfi sənədlərə giriş əldə edib, həmin məlumatları köçürüb, qeydə alıb və saxlayıb.

İstintaqın məlumatına görə, hərbçi məxfi informasiyanın xarici dövlətə ötürülməsinə hazırlıq xarakteri daşıyan hərəkətlər də edib. Reuters yazır ki, Yanq əldə etdiyi məlumatları rus dilinə tərcümə edib və onları Rusiyaya ötürməyə hazırlaşıb.

BBC-nin məlumatına görə, o, bunun üçün “darknet” vasitəsilə Rusiya tərəfi ilə əlaqə yaratmağa cəhd göstərib. Yanq potensial əlaqə quracağı şəxsə göndərmək üçün xüsusi mesaj da hazırlayıb.

London polisinin antiterror bölməsinin rəhbəri Helen Flenaqan ittihamları “son dərəcə ciddi” adlandırıb.

“İstintaq davam etdikcə biz Müdafiə Nazirliyinin müvafiq əməliyyat bölmələri ilə sıx əməkdaşlıq etdik ki, bu işlə bağlı yarana biləcək potensial riskləri azaltmaq üçün zəruri tədbirlər görülsün”, – deyə o bildirib.

Kral Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi isə hərbçiyə Milli Təhlükəsizlik haqqında qanunu pozmaq ittihamının London polisinin antiterror bölməsi tərəfindən aparılan araşdırmadan sonra irəli sürüldüyünü açıqlayıb.

Polis qeyd edib ki, Yanqın işi Kral Hərbi Hava Qüvvələrinin Feyrfordinq aviabazasında baş verən və yeddi şəxsin saxlanılması ilə nəticələnən son insidentlə bağlı deyil. Həmin şəxslər daha sonra zaminə buraxılıb.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki