ABŞ dövlət katibi Marko Rubio Qərb ölkələrini öz tarixlərinə görə günahkarlıq hissindən imtina etməyə, milli qüruru bərpa etməyə və milli maraqlarını daha fəal şəkildə müdafiə etməyə çağırıb.
Rubio Afinaya səfəri çərçivəsində çıxışı zamanı Qərbin “dönüş nöqtəsində” olduğunu bildirib. Onun sözlərinə görə, Qərb sivilizasiyasını formalaşdıran cəsarət, maraq, ambisiya, kəşflərə can atmaq və öz irsini qorumağa hazır olmaq kimi dəyərlərə qayıtmalıdır.
“Millətçilik pis sözə çevrilib. Buna görə də abidələrimizi sökdük, öz tariximizi qınadıq, bir çox yerlərdə isə uşaqlarımıza miras alacaqları ölkələrdən utanmağı öyrətdik”, – deyə Rubio bildirib.
Dövlət katibinin sözlərinə görə, eyni zamanda Qərb ölkələri qlobal strukturlara getdikcə daha çox səlahiyyət verib, sərhədlərini açıb, istehsalı xaricə köçürüb və silahlı qüvvələrinin zəifləməsinə imkan verib.
Rubio vurğulayıb ki, xarici siyasətdə “qlobal icma”nı öz xalqından üstün tutmaq düzgün yanaşma deyil.
“Ölkənə sədaqət göstərməkdə və ilk növbədə onun maraqlarını qorumaq uğrunda mübarizə aparmaqda heç bir eqoist və ya yanlış cəhət yoxdur”, – deyə o qeyd edib.
ABŞ dövlət katibi Avropadakı müttəfiqlərini “uzunmüddətli yuxudan oyanmağa” və vaxtilə Qədim Yunanıstanda formalaşan ruhu bərpa etməyə çağırıb.
“Biz Qərbin idarə olunan tənəzzülünün nəzakətli və nizamlı nəzarətçiləri olmaq istəmirik. Biz bölünmək deyil, köhnə dostluğu canlandırmaq və bəşəriyyət tarixindəki ən böyük sivilizasiyanı yeniləmək istəyirik”, – Rubio deyib.
Onun sözlərinə görə, Donald Trampın prezidentliyi dövründə ABŞ “şərtsiz şəkildə milli gücə can atmaq” yolunu seçib. Rubio bunu sənayenin inkişafı, müdafiənin gücləndirilməsi, texnoloji liderliyin qorunması və strateji əhəmiyyətli təchizat zəncirlərinin müdafiəsi ilə əlaqələndirib.
“Biz dönüş nöqtəsindəyik. Növbəti onillik gələcək əsrin tarixini yazacaq”, – dövlət katibi bildirib.
Rubio Qərbin qarşısında iki seçim olduğunu deyib: dünyadakı mövqeyini qorumaq və ya “tənəzzül, tabeçilik və deqradasiya” ilə üzləşmək.
ABŞ dövlət katibi həmçinin Avropa ölkələrini qitənin təhlükəsizliyi ilə bağlı daha böyük məsuliyyət daşımağa çağırıb. O, eyni zamanda ABŞ və Avropa müttəfiqləri arasında əməkdaşlığın yenilənməsinin vacibliyini vurğulayıb.
Şəhla Sabirli
İNFOAZ.MEDİA





