image-aeroport_er_riyadabackend

Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına zərbələr endirdiklərini açıqladı

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına, Nəcran hava limanına və Xamis-Muşaytdakı aviabazaya zərbələr endirdiyini açıqlayıb.

Husilərin hərbi nümayəndəsi Yəhya Səriyanın sözlərinə görə, Ər-Riyaddakı hava limanına iki qanadlı raket, Nəcran hava limanına ballistik raket, Xamis-Muşaytdakı aviabazaya isə daha bir ballistik raket atılıb.

Səriya bildirib ki, hücumlar nəticəsində bəzi obyektlərə ziyan dəyib və iki hava limanında uçuşların hərəkəti dayandırılıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin Ər-Riyad və Xamis-Muşayt istiqamətində buraxdığı üç ballistik raketin ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, son günlər husilərin Səudiyyə Ərəbistanının hava limanları, hərbi obyektləri və neft infrastrukturlarına qarşı hücumları intensivləşib. Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı da əvvəlki hücumlar zamanı zərər görüb və uçuşlarda fasilələr yaranıb.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki