image-august_hanningbackend

Alman kəşfiyyatının keçmiş rəhbəri Çinə məxfi məlumat ötürməkdə şübhəli bilinir

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Haninqin Çin kəşfiyyat aparatının nümayəndəsinə məxfi məlumatlar ötürməsi ehtimalı araşdırılır.

“Der Spiegel” nəşrinin araşdırma ilə tanış olan bir neçə mənbəyə istinadən yaydığı məlumata görə, istintaq 80 yaşlı Haninqin Çinin istefada olan general-mayoru Van Tszyançjenlə uzun illər davam edən əlaqələrini araşdırır.

Van Tszyançjen əvvəllər Almaniyada diplomatik və hərbi vəzifələrdə çalışıb. Haninq isə təqaüdə çıxdıqdan sonra Çinə dəfələrlə səfər edib. 2017-ci ildə o, Çin generalı ilə birlikdə Xuaybey şəhərində keçirilən rəsmi tədbirlərdə iştirak edib. Onların adları 2023-cü ildə keçirilən Avropa-Çin konfransının iştirakçıları sırasında da yer alıb.

Bundan başqa, hər iki şəxsin Çinin Çindao şəhərində fəaliyyət göstərən Almaniya-Çin ekoparkının məsləhət şurasına daxil olduğu bildirilir.

İstintaqın versiyasına görə, BND-nin keçmiş rəhbəri bir neçə il ərzində xarici xüsusi xidmət orqanının nümayəndəsi ilə intensiv əlaqələr saxlayıb və ona qismən Almaniya kəşfiyyatının məxfi sənədləri əsasında hazırlanmış siyasi məlumatlar ötürüb.

“Der Spiegel”in məlumatına əsasən, söhbətin məhz Çinlə əlaqələrdən getdiyi ehtimal olunur. Bununla belə, Almaniya Federal Prokurorluğu Haninqin Çin generalı ilə əlaqələrinin istintaqın predmetinə çevrilib-çevrilmədiyini açıqlamayıb.

Haninqin vəkili Leon Kruze ittihamları rədd edib. O bildirib ki, müdafiə etdiyi şəxs Almaniyanın maraqlarına zərər vura biləcək məxfi məlumatları, xüsusilə də hər hansı maddi qarşılıq müqabilində, ötürməyib.

Qeyd edək ki, “Der Spiegel” daha əvvəl Haninq işi ilə bağlı Azərbaycanın da mümkün əlaqəsinin araşdırıldığını yazmışdı. Lakin sonradan AnewZ məlumatlı mənbələrə istinadən araşdırmanın Azərbaycanla bağlı olmadığını bildirib. Məlumata görə, Almaniya kəşfiyyat strukturları Azərbaycan tərəfinə işin digər dövlətlərlə əlaqəli olduğunu çatdırıb.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki