image-172817750backend

İranda günəş elektrik stansiyalarının gücü 7 dəfədən çox artıb

İranda günəş elektrik stansiyalarının ümumi gücü son iki il ərzində 700 meqavatdan 5 300 meqavata yüksəlib.

İRNa-nın məlumatına görə, bunu İranın Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Təşkilatının (SATBA) sədr müavini Həmidrza Əzimi prezidentin iştirakı ilə açılışı keçirilən 95 meqavatlıq Şəmsabad elektrik stansiyasının istifadəyə verilməsi mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda İranda bərpa olunan enerji elektrik stansiyalarının ümumi gücü təxminən 5 800 meqavatdır. Bu göstəricinin gələn il elektrik enerjisinə tələbatın pik dövrünədək 12 000 meqavata çatdırılması planlaşdırılır.

Əzimi qeyd edib ki, son iki ildə günəş enerjisinin inkişafı istiqamətində ciddi irəliləyiş əldə olunub. Günəş elektrik stansiyalarının gücü 700 meqavatdan 5 300 meqavata yüksəlib.

Sədr müavini bildirib ki, günəş elektrik stansiyalarının ümumi gücünün də gələn il elektrik enerjisinə tələbatın pik dövrünədək 11 000 meqavata çatdırılması gözlənilir.

O, həmçinin ölkədə yeni bərpa olunan enerji layihələrinin istifadəyə verildiyini açıqlayıb. Bildirib ki, bu gün İranın 31 əyalətində 107 layihə çərçivəsində ümumilikdə 600 meqavat gücündə bərpa olunan enerji elektrik stansiyaları istifadəyə verilib.

Əziminin sözlərinə görə, ölkənin müxtəlif əyalətlərində çoxsaylı günəş enerjisi layihələri də həyata keçirilir. Tehran əyalətində, o cümlədən Vəramin, Rey və Tehranın şimal hissəsində özəl sektor tərəfindən günəş enerjisi layihələri icra olunur.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki