ABŞ Maliyyə Nazirliyi İranla bağlı yeni sanksiyalar elan edib.
“Reuters” xəbər verir ki, yeni məhdudiyyətlərə İran, Rusiya və digər ölkələrlə əlaqəli 6 fiziki şəxs, 27 şirkət və 22 gəmi daxil edilib.
Sanksiyalar Vaşinqtonun İran hakimiyyətinin gəlir mənbələrinə və ABŞ sanksiyalarından yayınma sxemlərinə qarşı həyata keçirdiyi “Economic Outcast” (“İqtisadi səfil”) əməliyyatı çərçivəsində tətbiq olunub.
Yeni paketdə İranın “kölgə donanması”na daxil olan 17 tankerə qarşı məhdudiyyətlər xüsusi yer tutur. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, həmin tankerlər milyonlarla barel İran nefti, neft məhsulları və neft-kimya məhsullarını Cənubi və Şərqi Asiya bazarlarına daşıyıb.
Nazirlik hesab edir ki, yeni tədbirlər İranın “kölgə donanması”nın fəaliyyət göstərən şəbəkəsinin böyük hissəsini faktiki olaraq sıradan çıxarır. Tankerlər müxtəlif ölkələrin bayraqları altında qeydiyyatdan keçib, onlarla əlaqəli şirkətlər isə mürəkkəb beynəlxalq strukturlar vasitəsilə fəaliyyət göstərib.
ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, sanksiyalardan yayınmağa kömək edən şəxslər və qurumlar Vaşinqtonun təzyiqindən kənarda qala bilməyəcək.
Bundan əlavə, İranın neft və neft-kimya sektorunda fəaliyyət göstərən şirkətlər də sanksiya siyahısına salınıb. Vaşinqtonun açıqlamasına görə, tədbirlər Tehranın sanksiyalardan yayınmaq və neft, eləcə də neft-kimya məhsullarının ixracından gəlir əldə etmək üçün istifadə etdiyi kanalları məhdudlaşdırmağa yönəlib.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























