Suriya yaxın vaxtlarda İraqa neftini Aralıq dənizi sahillərinə quru yolu ilə nəql etmək imkanı yarada bilər. Bu, İraqın neft ixracında Hörmüz boğazından yan keçməsinə şərait yaradacaq.
Bu barədə dövlətə məxsus “Syrian Petroleum Co.” şirkətinin icraçı direktoru Yusif Kiblavi “Bloomberg”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, iki ölkənin hökumətləri arasında müvafiq razılaşma faktiki olaraq əldə olunub və İraq neftinin yük maşınları ilə Suriya ərazisindən daşınmasına mümkün qədər tez başlanması gözlənilir.
“Ümid edirəm ki, oktyabrın ortalarına qədər neft daşıyan ilk yük maşınları karvanı Suriyaya çatacaq”, – deyə Kiblavi bildirib.
Onun sözlərinə görə, İraq neftinin ixracı üçün Suriyadan yardım istəyib.
Hazırda İraq yük maşınları ilə mazutu Suriyanın Bəniyas limanına daşıyır. Burada yanacaq tankerlərə yüklənərək ixrac olunur. İraq həmçinin İordaniya üzərindən mazut və az həcmdə neft nəql edir.
Kiblavi gələcəkdə İraqın Suriyadan gündə ən azı 1 000 yük maşını ilə neft göndərəcəyinə ümid etdiyini bildirib. Hər bir yük maşınının təxminən 220 barel neft daşıya biləcəyi qeyd olunur.
“Bloomberg” yazır ki, Hörmüz boğazında gəmiçiliklə bağlı yaranan problemlər İraqın maliyyə vəziyyətinə mənfi təsir göstərib. Bununla belə, son həftələrdə boğazdan enerji resurslarının ümumi daşınma həcminin artdığı müşahidə olunub.
İraq hökuməti sentyabr ayında müxtəlif marşrutlarla gündə 2,7 milyon barel neft ixrac etdiyini açıqlamışdı. Bu həcmin bir hissəsi şimal istiqamətində Türkiyənin Ceyhan limanına göndərilir.
Neftin Suriya ərazisindən avtomobil yolu ilə daşınması Dəməşqin İraq neftinin təhlükəsiz ixracında tranzit qovşağı kimi mövqeyini gücləndirə bilər.
İraq dünyanın ən böyük neft ixracatçılarından biridir və OPEK-də hasilata görə Səudiyyə Ərəbistanından sonra ikinci yerdədir. Ölkədə 2024-cü ildə sutkada təxminən 4,4 milyon barel neft hasil edilib, dəniz yolu ilə ixrac isə sutkada 3,2 milyon bareldən çox olub. İxrac olunan neftin təxminən 72 faizi əsasən Çin və Hindistan olmaqla Asiya ölkələrinə göndərilib.
ABŞ Energetika İnformasiyası Administrasiyasının məlumatına görə, İraq 2025-ci ildə sutkada təxminən 4,39 milyon barel xam neft hasilatı ilə dünyada beşinci yerdə qərarlaşıb.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























