Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin vəkilləri onun səhhətində yaranan problemlərlə əlaqədar həbsxanadan ev dustaqlığına keçirilməsini tələb ediblər. Bu barədə Associated Press məlumat yayıb.
Vəkillərin sözlərinə görə, 69 yaşlı Floresin ürəyi ilə bağlı problemləri var və onun müalicəsinin həbsxana şəraitində effektiv aparılması mümkün deyil. Müdafiə tərəfi onun Nyu-Yorkdakı iqamətgahında gecə-gündüz mühafizə altında saxlanılmasına icazə verilməsini istəyir.
Məlumata görə, Flores həbsdə olduğu müddətdə 11 kiloqram arıqlayıb və onun ürəyindən əməliyyat olunmasına ehtiyac yarana bilər. Vəkillər onun uzunmüddətli başgicəllənmə və nəfəs darlığından əziyyət çəkdiyini, iyul ayında isə mümkün mikroinfarkt keçirdiyini bildiriblər.
Müdafiə tərəfi həmçinin iddia edib ki, ilin əvvəlində ABŞ-ın Venesueladakı əməliyyatı zamanı Flores divara və ya komoda çırpılıb və nəticədə bədənində qalıcı izlər qalıb.
ABŞ prokurorluğu isə Floresin girov müqabilində azad edilməsinə qarşı çıxır. Prokurorluğun mövqeyinə görə, onun azadlığa buraxılması cəmiyyət üçün “müstəsna təhlükə” yarada bilər. Qurum bildirib ki, Floresə tibbi yardım lazım olduqda o, yerli xəstəxanaya aparılıb.
Flores və Nikolas Maduro 2027-ci ilin iyununda məhkəmə qarşısına çıxacaqlar. Məhkəmə prosesinin həmin tarixdə başlamasını həm prokurorluq, həm də həbsdə olan ər-arvadın vəkilləri dəstəkləyib.
Onlar narkoterrorizm və ABŞ-a qarşı digər cinayətlərdə ittiham olunurlar. Təqsirli bilinəcəkləri halda həyatlarının sonunadək həbs cəzası ilə üzləşə bilərlər. Maduro və Flores isə ittihamları qəbul etmir və diplomatik toxunulmazlığa malik olduqlarını bildirirlər.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























