ABŞ dövlət katibi Marko Rubio Türkiyə ilə Yunanıstan arasında Egey dənizi və Kipr məsələsi ilə bağlı hərbi qarşıdurmanın baş verməsinə Vaşinqtonun imkan verməyəcəyini bildirib.
Bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb.
Rubio ABŞ-ın Ankara ilə Afina arasında münasibətlərin kəskinləşəcəyi təqdirdə müdaxilə edib-etməyəcəyi ilə bağlı suala cavabında belə bir ssenarini “ağlasığmaz” adlandırıb.
“Bunun baş verə biləcəyini təsəvvür etmək mənə ağlasığmaz görünür. Bunlar iki müttəfiq və NATO-nun iki tərəfdaşıdır. Ona görə də bu, sadəcə olaraq baş verə bilməz”, – deyə ABŞ dövlət katibi vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə ilə Yunanıstan arasında hərbi münaqişə nə bu ölkələrin, nə də ABŞ-ın maraqlarına uyğun deyil. Rubio Vaşinqtonun belə bir ssenariyə heç vaxt imkan verməyəcəyini və bunun baş verəcəyinə inanmadığını qeyd edib.
Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında Egey dənizindəki əsas fikir ayrılıqlarından biri ərazi sularının genişliyi ilə bağlıdır. Türkiyə BMT-nin Dəniz Hüququ Konvensiyasına qoşulmayıb. Sözügedən konvensiya dövlətlərə ərazi sularını 12 dəniz milinədək genişləndirmək imkanı verir.
1995-ci ildə Yunanıstan parlamentinin konvensiyanı ratifikasiya etməsindən sonra Ankara Egey dənizində ərazi sularının 6 mildən 12 milə qədər genişləndirilməsini Türkiyənin suverenliyinin pozulması kimi qiymətləndirəcəyini açıqlayıb.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























