ABŞ Çinlə süni intellekt yarışında əsas diqqəti qabaqcıl modellərin texniki göstəricilərinə yönəldir. Lakin “Foreign Policy” yazır ki, Vaşinqton bu yanaşma ilə 1950-ci illərdə Sovet İttifaqının raket arsenalı ilə bağlı etdiyi səhvi təkrarlaya bilər.
Məqaləyə görə, Çin üçün əsas hədəf ən güclü süni intellekt modelini yaratmaqdan çox, bu texnologiyanı sənayeyə, robot texnikasına və iqtisadiyyata geniş şəkildə tətbiq etməkdir. Pekinin “AI Plus” strategiyası çərçivəsində 2027-ci ilədək süni intellekt agentləri və ağıllı cihazların geniş yayılması, minlərlə sənaye tətbiqinin yaradılması planlaşdırılır.
Çin həmçinin açıq çəkili modelləri (open-weight) geniş yayır. Bu modellər istifadəçilərə onları yükləmək, dəyişdirmək və öz serverlərində işlətmək imkanı verir. Nəticədə onların yayılmasına nəzarət etmək çətinləşir.
Məqalədə vurğulanır ki, ABŞ süni intellektdə liderliyi əsasən ən qabaqcıl modellərlə ölçsə də, Çin daha çox texnologiyanın miqyasına və real iqtisadiyyatda tətbiqinə fokuslanır. Bu səbəbdən Pekinin süni intellekt sahəsində real irəliləyişlərini yalnız texnoloji göstəricilərlə qiymətləndirmək çətin ola bilər.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























