Rusiyanın Saratov şəhərində bir qadın “Harri Potter” filmindəki Dobby obrazının Rusiya Prezidenti Vladimir Putinə bənzədiyini iddia edərək qəhvəxanadan fiqurun vitrinə qoyulmamasını tələb edib.
Bu barədə “Ostorojno, novosti” Telegram kanalı məlumat yayıb.
Hadisə oktyabrın 7-də, Vladimir Putinin doğum günündə Saratovun Frunzenski rayonunda yerləşən qəhvəxanalardan birində baş verib. Müştəri baristanı küçəyə çağıraraq vitrindəki fiquru göstərib və onun “sifətinin” Rusiya prezidentini xatırlatdığını bildirib.
İşçi qadına bunun “Harri Potter” əsərinin personajı Dobby olduğunu və Putinə heç bir aidiyyəti olmadığını izah edib. Lakin bu açıqlama müştərini razı salmayıb.
“Fərqi yoxdur, hansı “Harri Potter”dəndir. O, oxşayır, siz özünüz də bunu görürsünüz”, – deyə qadın bildirib.
O, fiqurun “ölkə rəhbərini təhqir etdiyini” əsas gətirərək polisə məlumat verəcəyi ilə hədələyib.
Baristanın “Dobbini Putin hesab edirsiniz?” sualına qadın “Bəli, odur. Oxşayır. Məni başa düşdünüz? Özünüzü problemə salmayın” cavabını verib və məsələnin rəhbərliyə çatdırılmasını istəyib.
Barista isə “Əgər siz onda Putini görmüsünüzsə, deməli, onu təhqir edən də sizsiniz” deyə cavab verib.
Qəhvəxana əməkdaşları qadının iradlarını əsassız hesab etsələr də, fiquru vitrindən başqa yerə keçiriblər. Onlar bunu fiqurun “insanların gözünə dəyməməsi” üçün etdiklərini bildiriblər.
Şəhla Sabirl
İNFOAZ.MEDİA
























