image-1790782400backend

Səudiyyə Ərəbistanı flydubai təyyarəsindəki insidentlə bağlı araşdırma aparır

Səudiyyə Ərəbistanı flydubai aviaşirkətinə məxsus təyyarədə ikinci pilotun komandirə hücum etməsi ilə bağlı ayrıca araşdırma aparır. Bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, krallığın mütəxəssisləri hadisənin uçuşların təhlükəsizliyinə mümkün təsirlərini araşdırırlar. Paralel olaraq, Birləşmiş Ərəb Əmirliklərində insidentlə bağlı cinayət təhqiqatı aparılır.

Beynəlxalq qaydalara əsasən, təyyarə BƏƏ-də qeydiyyatda olduğu və aviaşirkət Dubayda yerləşdiyi üçün istintaqa BƏƏ də cəlb olunacaq. Daha əvvəl BƏƏ Baş Prokurorluğu təyyarədə baş verən hadisəni terror aktına cəhd kimi qiymətləndirib.

İsrailin Aviasiya Qəzalarının Araşdırılması İdarəsinin direktoru Ofer Vaknin bildirib ki, Səudiyyə Ərəbistanının araşdırmaya qoşulmaq üçün dəvət göndərməsini gözləyir.

Hadisə sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan flydubai şirkətinə məxsus “Boeing 737” təyyarəsində baş verib. Təyyarədə 174 sərnişin, o cümlədən 27 uşaq olub.

Uçuş zamanı ekipaj həyəcan siqnalı verərək Səudiyyə Ərəbistanında təcili eniş edib. Ekipaj təyyarəni ələ keçirmək cəhdinin olduğunu bildirib.

İsrail rəsmilərinin məlumatına görə, ikinci pilot kapitana hücum edib və təyyarəni yerə doğru yönəldib. Hücum edən şəxsi sərnişinlərdən biri zərərsizləşdirib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki