Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Samara vilayətində yerləşən “Samara” xətti istehsalat-dispetçer stansiyasına (LPDS) bir həftə ərzində ikinci dəfə zərbə endirdiyi iddia olunur.
Bu barədə Ukraynanın “Exilenova+” və “Supernova+” monitorinq kanalları məlumat yayıb.
“Exilenova+” kanalının məlumatına görə, hücumdan sonra obyektin ərazisində güclü yanğın başlayıb. Hadisə ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqəsində yolların bağlandığı bildirilir. Monitorinq kanalları hadisə yerindən görüntülər də yayıb.
Qeyd olunur ki, zərbə ilə bağlı hələlik Rusiya rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib.
“Samara” xətti istehsalat-dispetçer stansiyası Rusiyanın ən iri neft nəqli və paylama qovşaqlarından biri hesab olunur və “Transneft” şirkətinə məxsusdur. Obyekt neftin qəbulu, saxlanılması və sonrakı nəqli üçün istifadə edilir.
216 hektardan çox əraziyə malik stansiyanın rezervuar parkında ümumi tutumu 1,6 milyon kubmetrdən artıq olan 71 çən yerləşir.
“Samara” stansiyasına “Almetyevsk–Kuybışev”, “Kaltası–Kuybışev”, “Nijnevartovsk–Kurqan–Kuybışev” və “Quryev–Kuybışev” magistral neft kəmərləri birləşir.
Xatırladaq ki, stansiyaya ilk zərbənin oktyabrın 2-nə keçən gecə endirildiyi bildirilmişdi. Həmin vaxt Samara vilayətinin Ukrayna PUA-larının hücumuna məruz qaldığı, səhər saatlarında isə bölgədə raket təhlükəsi elan edildiyi açıqlanmışdı.
Şəhla Sabirli
İNFOAZ.MEDİA







