image-31-33backend

Türkiyənin hakim partiyası Azərbaycanın tənqidçilərinə cavab verdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib ki, bəzi Türkiyə sosial media qrupları və hesabları tərəfindən Azərbaycana edilən hücumların ölkə hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur və Ankara ilə Bakı sıx əlaqə saxlayır və bu məsələ ilə bağlı danışıqlar aparırlar.

Çelikin sözlərinə görə, Türkiyədəki bəzi qruplar, hesablar və digər qurumlar “qanunsuz şəkildə Azərbaycana hücum edirlər”.

“Bunun partiyamız və ya hökumətimizlə heç bir əlaqəsi ola bilməz. Onlar öz təşəbbüsləri ilə hərəkət edirlər”, – Çelik bildirib.

O əlavə edib ki, iki ölkənin daxili siyasi gündəliyi və müəyyən daxili və xarici siyasət məsələlərinə dair qiymətləndirmələri fərqli ola bilər. Lakin yaranan hər hansı fikir ayrılıqları açıq şəkildə, “qardaşlıq ruhunda” müzakirə olunur.

AKP nümayəndəsi qeyd edib ki, “bu məsələlərdə fikir ayrılıqlarımız olduqda, iki qardaş ölkə olaraq, onları müzakirə edərək və fikirlərimizi açıq şəkildə bölüşərək irəliləməyə davam edirik”.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də Azərbaycanın dövlət və partiya strukturlarının nümayəndələri ilə sıx əlaqələrini davam etdirdiyini qeyd etdi. Sədr iki liderin “əsl qardaşlıq münasibətlərinə” malik olduğunu vurğuladı.

Eyni zamanda, onun sözlərinə görə, bəzi ölkələr Ankara ilə Bakı arasında dayanmağa çalışırlar.

Çelik əlavə edib ki, “Biz bu ölkələrin bunu etməsinə qətiyyən icazə verməyəcəyik”.

Partiya lideri bildirib ki, Ankara Türkiyə ilə Azərbaycan arasında münaqişə və ya fikir ayrılığı təəssüratı yaratmağa imkan verməyəcək və iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək hərəkətlərə yol verməyəcək.

Çelik bəyan edib ki, “Biz iki dövlətik, bir millətik. Qardaşlığımız əbədidir. Və biz yolumuza eyni qardaşlıq və həmrəyliklə davam edəcəyik”.

O, həmçinin bildirib ki, iki ölkə nümayəndələri bu yaxınlarda anlaşılmazlıqların qarşısını almaq və Ankara ilə Bakı arasında siyasi müzakirələrin gərginliyə çevrilməsinin qarşısını almaq üçün danışıqlar aparıblar.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki