image-1021436_srcbackend

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı vetonu yumşaldır

Macarıstan Ukraynanın Avropa İttifaqı ilə danışıqlarında “Daxili bazar” və “Rəqabətqabiliyyətlilik və inklüziv artım” klasterlərinin açılmasına razılıq verib.

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

Onun sözlərinə görə, Macarıstan tərəfi Avropa İttifaqına üzv ölkələrin hökumətlərinin Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclasında sözügedən klasterlərin bloklanmasını aradan qaldırmağa razılaşıb.

Qərarın Kiyevin milli azlıqların təhsil hüquqları ilə bağlı məsələnin həlli istiqamətində atdığı addımlar fonunda qəbul edildiyi bildirilir. Belə ki, Ukrayna parlamentində milli icmaların təhsil hüquqlarının tənzimlənməsini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb və artıq parlamentin müvafiq komitəsi tərəfindən dəstəklənib.

“Ukrayna və Macarıstan bir-birinə doğru addımlar atır və birlikdə Avropanın birliyinə doğru irəliləyirlər”, – deyə Sibiqa bildirib.

Nazir əməkdaşlığa görə Macarıstanın xarici işlər naziri Anita Orbanı da təşəkkür edib.

Macarıstanın Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı vetonu tamamilə aradan qaldırması isə Ali Radanın Zakarpatyedə yaşayan macar azlığının təhsil və mədəni hüquqlarına zəmanət verən qanunu qəbul etməsindən sonra mümkün olacaq.

Qeyd edək ki, Kiyev bu il “əsas məsələləri”, o cümlədən qanunun aliliyi və məhkəmə sistemini, eləcə də xarici əlaqələri əhatə edən klasterləri açıb. Növbəti həftə daha iki klasterin açılması ilə Ukraynanın qarşısında “yaşıl gündəm” və Aİ resurslarına dair daha iki klaster qalacaq.

Brüsselin ilin sonunadək bütün qalan klasterləri açmağı planlaşdırdığı bildirilir.

Macarıstan və Ukrayna arasında münasibətlər Viktor Orbanın hakimiyyəti dövründə kəskinləşib. Budapeşt dəfələrlə Kiyevin Aİ-yə üzvlüyünə qarşı çıxıb və bu prosesə mane olub. Apreldə keçirilən seçkilərdən sonra may ayında vəzifəyə başlayan Peter Magyar isə Ukraynaya münasibətdə daha praqmatik siyasət yürüdəcəyini açıqlayıb.

İyun ayında , milli azlıqların hüquqları ilə bağlı 11 bənddən ibarət fəaliyyət planını qəbul etdikdən sonra Magyar iki danışıqlar fəslinin açılmasını dəstəkləyib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki