Bakıda kirayə ev axtaranların işi son aylarda daha da çətinləşib. Bir neçə il əvvəl şəhərə yaxın ərazilərdə 400-500 manata mənzil tapmaq mümkün idisə, indi eyni pula normal şəraitli ev tapmaq demək olar ki, mümkünsüz olub.
Kirayə bazarında bahalaşmanın əsas səbəblərindən biri kimi tələbələrin Bakıya qayıtması göstərilirdi. Sentyabr başlayandan artıq bir Aydan çox vaxt keçib, tələbələr də mənzillərə yerləşiblər. Amma gözlənilən kimi qiymətlər aşağı düşmür. Əksinə, kirayə ev axtaranlar hələ də yüksək qiymətlərlə qarşılaşırlar.
Bəs Bakıda kirayə qiymətləri niyə düşmür? Qiymətlər bundan sonra da artacaq, yoxsa yaxın aylarda ucuzlaşma gözlənilir?
Mövzu ilə bağlı “Yeni Sabah”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc danışıb.
Ekspert bildirib ki, kirayə qiymətlərinin formalaşması yalnız tələbələrin tələbi ilə bağlı deyil:
“Tələbələr artıq yerləşiblərsə, niyə kirayə qiymətləri hələ də aşağı düşmür sualı çox verilir. Əvvəla qeyd edim ki, kirayə qiymətlərinin formalaşması yalnız tələbələrlə bağlı deyil. Avqust-sentyabr aylarında 50 mindən artıq abituriyent tələbə adını qazanır və onların böyük əksəriyyəti Bakıya yönəlir. Təbii ki, onların müraciətləri kirayə bazarına ciddi təsir göstərir.
Amma kirayə qiymətləri təkcə tələbələrin tələbi ilə məhdudlaşmır. Burada bazardakı ümumi tələb əsas rol oynayır. İş adamları, regionlardan daxili miqrasiya yolu ilə Bakıya gələn işçi qüvvəsi, müvəqqəti olaraq yaşayış yerini dəyişən insanlar, xaricdən gələn qonaqlar, turistlər, xarici iş adamları və digər kateqoriyaların da mənzilə tələbi var. Bu qrupların bazara müraciətləri fərqli istiqamətlərdə olsa da, onların ümumi tələbi qiymətlərin artmasına və bazarda dinamikanın yaranmasına səbəb olur”.
AQC sədri kirayə qiymətlərinin artmasında inflyasiyanın da mühüm rol oynadığını vurğulayıb:
“Eyni zamanda, burada əsas məsələlərdən biri də manatın alıcılıq qabiliyyətidir. Bir neçə il əvvəl 500 manata alınan ərzaq və qeyri-ərzaq məhsullarının eynisini bu gün almaq üçün ən azı 750 manat xərcləmək lazım gəlir. Yəni qiymətlər artıb, inflyasiya var.
Mənzil qiymətləri və mənzillərin tikintisi üçün tələb olunan maya dəyəri yüksəlib. Belə olan halda daşınmaz əmlakın, o cümlədən kirayə mənzillərin qiymətlərinin artması təbiidir. Çünki bu, eyni zamanda, biznesdir. Əgər bir şəxs mənzili 200 min manata alırsa, onu bazara ən azı 600-700 manat civarında kirayəyə verməlidir ki, həmin daşınmaz əmlakdan normal mənfəət əldə edə bilsin.
Bu baxımdan qiymətlərin artması həm makroiqtisadi göstəricilərlə, həm ölkədə iqtisadi aktivliyin səviyyəsi ilə, həm də manatın alıcılıq qabiliyyəti ilə bağlıdır. Yəni bu prosesə təsir edən yalnız bir amil yoxdur. Ona görə də kirayə qiymətlərinin artımını yalnız tələbələrlə əlaqələndirmək düzgün olmaz”.
Vüqar Oruc deyib ki, tələbələrin çoxluğu kirayə qiymətlərinə təsir edən əsas amillərdəndir. Yataqxanalar az olduğuna görə bu təsir hələ də davam edir:
“Etiraf etmək lazımdır ki, tələbələr bu prosesdə aparıcı təsirə malikdirlər. Onların bazara müraciəti həm boş mənzillərin azalmasına, həm də qiymətlərin artmasına səbəb olur. Bu baxımdan tələbələr kirayə bazarının əsas hərəkətverici qüvvələrindən biridir.
Nə qədər ki, yataqxanalar kifayət qədər deyil, nə qədər ki, özəl yataqxanaların sayı artırılmır və nə qədər ki, təhsil müəssisələrinin bir hissəsinin şəhər kənarına və ya regionlara köçürülməsi məsələsi həll olunmur, bu vəziyyət davam edəcək. Əsas təsir avqust-sentyabr aylarında özünü göstərir və bütün istiqamətlər üzrə kirayə qiymətlərinin artmasına səbəb olur. Ev sahibləri də əvvəlki dövrlə müqayisədə daha yüksək qiymət gözləntisinə malikdirlər. Bu, onların gəlir əldə etmək və mövcud xərclərini qarşılamaq maraqlarından irəli gəlir. Buna görə də mənzillərini daha yüksək qiymətə kirayəyə verməyə çalışırlar”.
Ekspertə görə, bəzi ərazilərdə kirayənin 600-700 manata çatması bazardakı tələb və təkliflə bağlıdır:
“Kirayə qiymətlərinin 600-700 manata qədər qalxması normal bazar qiymətidir. Ümumiyyətlə, Azərbaycan daşınmaz əmlak bazarında həm kirayə, həm də satış seqmentində qiymətlər bazar iqtisadiyyatının qanunları ilə formalaşır.
Burada makroiqtisadi göstəricilər, pul-kredit siyasəti, daşınmaz əmlaka investisiya marağı, eləcə də tələb və təklif arasındakı balans əsas rol oynayır. Bu baxımdan burada hər hansı süni prosesdən danışmaq düzgün deyil. Biz adətən oktyabr ayında bazarda müəyyən qədər durğunluq müşahidə edirdik. Bu da qiymətlərin əvvəlki səviyyədə qalmasına və ya artımın dayanmasına səbəb olurdu.
Bəzən bazarda təklif çox olanda və mənzillərə kifayət qədər tələbat olmadıqda, ev sahibləri qiymətlərdə müəyyən güzəştlərə gedirdilər. Bu dəfə isə biz bunu görmürük. Həm təklif kifayət qədər çox deyil, həm də qiymətlərin aşağı düşməsi ilə bağlı hər hansı ciddi əlamət yoxdur. İki ssenari mümkündür: ya qiymətlər hazırkı səviyyədə qalaraq sabitləşəcək, ya da artım cüzi şəkildə davam edəcək. Hazırda bazarı müşahidə edirik”.
Vüqar Orucun sözlərinə görə, hazırda Bakının bəzi ərazilərində daha münasib qiymətə mənzil tapmaq mümkündür:
“Uzun illər ərzində apardığımız müşahidələrə əsasən deyə bilərik ki, Suraxanı və Sabunçu rayonlarında təxminən 550 manat civarında mənzillər tapmaq mümkündür. Bir qədər kənar ərazilərdə də eyni qiymətə mənzil tapmaq olar. Nizami rayonunun bəzi ucqar hissələrində 500-550 manat aralığında kirayə mənzillər tapmaq mümkündür.
Ərazi baxımından şəhər mərkəzindən uzaq olsa da, Qaradağda 350 manata, Pirallahıda isə 250-300 manata kirayə mənzillər tapmaq mümkündür. Mərkəz və mərkəzə yaxın ərazilərdə isə metrodan uzaq, nəqliyyat imkanları o qədər də əlverişli olmayan yerlərdə 500-550 manat civarında kirayə mənzil tapmaq olar”.




