Sumqayıt–Bakı marşrutu üzrə hərəkət edən qatarın saat 07:20 reysinin ləğv olunması sərnişinlər arasında narazılığa səbəb olub.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) sorğu ünvanlayıb.
Sərnişinlərin narahatlığına səbəb olan reysin hansı səbəbdən ləğv edildiyini, qərarın müvəqqəti, yoxsa daimi xarakter daşıdığını və reysin nə vaxt bərpa olunacağını öyrənmək üçün quruma müraciət etdik.
Sorğumuza cavab olaraq ADY-dən bildirilib ki, son günlərdə, xüsusilə pik saatlarda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərnişin sayının bir qədər də artması müşahidə olunur.
Qurum sərnişinlərin narahatlığını anladığını bildirərək, mövcud vəziyyətin bir neçə amillə bağlı olduğunu qeyd edib.
Hazırda şəhərətrafı sərnişindaşıma 9 qatarla 102 reys həyata keçirilir. Sərnişin sayının sürətli artması fonunda qatar parkının mövcud imkanlarından əsasən səhər və axşam pik saatlarında daha intensiv istifadə olunur.
ADY-nin məlumatına görə, son illərdə şəhərətrafı dəmir yolu nəqliyyatına tələbat əhəmiyyətli dərəcədə artıb. Gündəlik sərnişin sayı 2024-cü ildə 36 min, 2025-ci ildə 42 min olduğu halda, 2026-cı ilin sentyabrından etibarən artıq 52 mindən çox təşkil edir. Beləliklə, son iki ildə sərnişin axınında 40 faizdən çox artım qeydə alınıb.
Sərnişin sayının artmasına şəhərin ümumi nəqliyyat sistemində baş verən dəyişikliklər də təsir edir. Məlum olduğu kimi, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin icrasına başlanılıb. Xətlərin ayrılması ilə əlaqədar sərnişinlərin bir hissəsinin şəhərətrafı qatarlarla səfərlərə daha çox üstünlük verməsi müşahidə olunur.
ADY qeyd edib ki, qatarlar əsasən yay aylarında planlı şəkildə əsaslı təmirə cəlb olunur. Bununla yanaşı, müəyyən texniki xidmət və təmir işləri, o cümlədən aylıq qaydada həyata keçirilir.
“Sentyabrda tədris ilinin başlaması ilə əlaqədar sərnişin artımı nəzərə alınaraq qatarlardan biri pik saatlarda əlavə reyslərin yerinə yetirilməsinə cəlb olunub. Həmin qatar oktyabrın 5-dən təmirə göndərildiyi üçün hərəkət cədvəlində müvəqqəti dəyişikliklər edilib. Texniki xidmət və təmir işləri qatarların təhlükəsiz və etibarlı istismarının təmin olunması baxımından zəruridir”, – deyə qurumdan bildirilib.
ADY-nin açıqlamasından məlum olur ki, sərnişin tələbatının artması nəzərə alınaraq şəhərətrafı daşımaların imkanlarının genişləndirilməsi istiqamətində mərhələli şəkildə tədbirlər həyata keçirilir.
Abşeron dairəvi dəmir yolu xəttinin dəyişən cərəyan sisteminə keçidi üzrə işlər başa çatdıqdan sonra dəyişən cərəyan sistemi ilə işləyən qatarların da bu marşrutda istifadəsi mümkün olacaq. Bu, sərnişin tələbatının yüksək olduğu saatlarda əlavə daşıma imkanlarının artırılmasına şərait yaradacaq.
Bununla yanaşı, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 2030-cu ilədək əlavə 20 sərnişin qatarının alınması üçün işlər görülür.
Qurum vurğulayıb ki, yeni qatarların alınması yalnız satınalma prosedurundan ibarət deyil. Hərəkət tərkibinin texniki tələblərinin müəyyənləşdirilməsi, istehsalı, sınaqları, Azərbaycan dəmir yolu infrastrukturu və enerji sistemlərinə uyğunlaşdırılması, eləcə də istismara qəbul prosesi müəyyən vaxt tələb edir.
Azərbaycan Dəmir Yolları artan sərnişin tələbatını nəzərə alaraq mövcud imkanlardan maksimum səmərəli istifadənin təmin edilməsi, qatar parkının mərhələli şəkildə genişləndirilməsi və pik saatlarda sərnişin sıxlığının azaldılması istiqamətində tədbirləri davam etdirəcək.// Konkret.az
























