Ukrayna tərəfi Rusiya ilə müharibənin dayandırılması istiqamətində müxtəlif atəşkəs formatlarını müzakirə edir. Kiyevin təklifləri arasında ümumi atəşkəs, Qara dənizdə gəmiçilik təhlükəsizliyi və enerji infrastrukturunun qorunması ilə bağlı razılaşmalar yer alır.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib ki, Kiyev tərəfdaşları ilə birlikdə beş istiqamət üzrə atəşkəs variantlarını işləyib hazırlayır. Onun sözlərinə görə, bu təkliflər Ukrayna diplomatiyası tərəfindən real və qarşılıqlı faydalı hesab olunur.
İlk variant tam və qeyd-şərtsiz atəşkəs rejiminin tətbiqini nəzərdə tutur. Tixiyin sözlərinə görə, Kiyev bununla bağlı razılığını hələ 2025-ci ilin martında açıqlayıb və hazırda Rusiyanın da analoji qərar verməsini gözləyir.
İkinci istiqamət Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasıdır. Bu məsələ ilə bağlı Ukrayna Türkiyə və Misirlə birgə təkliflər hazırlayır.
Digər format isə Qara dəniz vasitəsilə ərzaq ixracının davam etdirilməsi və təhlükəsizliyinin təmin olunmasını əhatə edir. Bu istiqamətdə Hindistanın fəal iştirakı nəzərdə tutulur.
Bundan başqa, Kiyev enerji infrastrukturuna zərbələrin dayandırılması məsələsini də müzakirə edir. Bu istiqamətdə variantlardan biri Hindistanın, digəri isə ABŞ-ın iştirakı ilə hazırlanır. Tixiy bildirib ki, sonuncu məsələ daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında müzakirə olunub.
Ukrayna XİN sözçüsü qeyd edib ki, təkliflərin həyata keçirilməsi üçün Rusiya tərəfinin də razılığı lazımdır.
Tixiy həmçinin müharibənin davam etməsinə görə məsuliyyətin Kiyevin üzərinə qoyulmasına yönələn bəyanatları tənqid edib. Onun sözlərinə görə, bu cür yanaşmalar müharibənin davam etməsinə görə məsuliyyəti Moskvanın üzərindən Kiyevə keçirməyə yönəlmiş manipulyasiyadır.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























