image-1021432_srcbackend

İran Hörmüz boğazı ilə bağlı sərt qərar verdi

İran Hörmüz boğazına tam nəzarət etdiyini və Tehranla razılaşdırılmayan marşrutların yaxın vaxtlarda bağlanacağını açıqlayıb.

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri Məhəmməd Rza Nəqdi deyib. Onun sözlərinə görə, hazırda boğazdan keçid üçün yaradılmış məhdud sayda marşrut da bağlanacaq.

“Tezliklə pozucuların yaratdığı azsaylı marşrutlar da bloklanacaq. Hörmüz boğazı bağlanıb və İran silahlı qüvvələri ona tam nəzarət edir. Bu vəziyyət İranın qanuni tələbləri yerinə yetirilənədək davam edəcək”, – deyə Nəqdi bildirib.

Onun açıqlaması ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini və su yolunun açıq olduğunu bildirdikdən bir neçə saat sonra səslənib. Rubionun sözlərinə görə, hazırda boğaz vasitəsilə münaqişədən əvvəlki dövrlə müqayisə edilə biləcək həcmdə neft daşınır.

Middle East Eye-nin məlumatına görə, hərbi əməliyyatlar başlamazdan əvvəl Hörmüz boğazından gündə təxminən 20 milyon barel enerji resursu daşınırdı. Nəşr bu göstəricinin Körfəz ölkələri ilə İran arasında aparılan qeyri-rəsmi razılaşmalar və Tehranın öz ixracı hesabına əvvəlki səviyyəyə yaxınlaşdığını yazıb.

SEPAH-ın komandir müavini, briqada generalı Yədullah Cəvani isə xarici hərbi-dəniz qüvvələrinin İranın hərbi imkanlarından ehtiyat edərək ölkənin ərazi sularından 1 000 kilometrdən çox uzaqlaşdığını iddia edib.

Generalın sözlərinə görə, əvvəllər regionda fəal olan xarici hərbi gəmilər hazırda İranın raket, pilotsuz uçuş aparatları və dəniz imkanlarını nəzərə alır.

Cəvani bildirib ki, regionun gələcəyini xarici qüvvələrin tamamilə geri çəkilməsi fonunda İslam ölkələrinin formalaşdıracağı kollektiv təhlükəsizlik sistemi müəyyən edəcək.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki