ABŞ ordusunun sabiq mayoru Nidal Malik Həsənin 2009-cu ildə Texas ştatındakı Fort-Hud hərbi bazasında 13 nəfəri öldürdüyü silahlı hücuma görə güllələnərək edam ediləcəyi tarix açıqlanıb.
ABŞ Ordusunun səlahiyyətlərini icra edən naziri Adam Telle “X” sosial şəbəkəsində Həsənin edamının dekabrın 3-də keçiriləcəyini bildirib.
Məlumata görə, Nidal Malik Həsən 3 dekabr 2026-cı il, cümə axşamı, Texas ştatının Fort-Hud bazasında yerli vaxtla saat 13:00-da güllələnərək edam ediləcək. Bu, Bakı vaxtı ilə saat 22:00-a təsadüf edir.
Nidal Malik Həsən ABŞ ordusunun sabiq mayoru və hərbi psixiatrı olub. O, 5 noyabr 2009-cu ildə Fort-Hud bazasında hərbçilərin hazırlıq mərkəzində atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri isə yaralayıb.
Həsən 28 avqust 2013-cü ildə məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilib. Onun güllələnərək edam olunması ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənib.
Qeyd olunur ki, ABŞ hərbçisinin sonuncu dəfə güllələnərək edam edilməsi 31 yanvar 1945-ci ildə Fransada baş verib. Həmin vaxt fərari olmaqda təqsirli bilinən ABŞ ordusunun sıravi əsgəri Eddi Slovik edam edilib.
CBS News-un məlumatına görə, Həsənin edamı həmçinin 1965-ci ilin aprelindən bəri ABŞ hərbçisinin həyata keçiriləcək ilk edamı olacaq. Həmin tarixdə ABŞ ordusunun sıravi əsgəri Con Bennet Avstriyada 11 yaşlı qıza qarşı zorlama və qətlə cəhd ittihamları üzrə asılaraq edam edilmişdi.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























