Fransada təhsil işçilərinin həmkarlar ittifaqları şagirdlərin etirazlarına dəstək məqsədilə oktyabrın 8-də tətil və nümayişlər keçirilməsinə çağırış edib.
Le Figaro-nun yaydığı məlumata görə, SNES-FSU, SNEP-FSU və SNUEP-FSU həmkarlar ittifaqları birgə bəyanatla çıxış edərək müəllimləri aksiyalara qoşulmağa çağırıblar.
Polis əməkdaşlarının CFTC həmkarlar ittifaqı isə nümayişlərin dağıdılması məqsədilə keçirilən əməliyyatların dayandırılmasını tələb edib. Buna səbəb Lens şəhərində baş verən hadisə zamanı 15 yaşlı lisey şagirdinin qumbara partlayışı nəticəsində əlindən xəsarət almasıdır. Hadisədən sonra Daxili İşlər Nazirliyi əməkdaşlarına şagirdlərə qarşı səs-küy qumbaralarından istifadə etməyi qadağan edib.
Fransanın Milli Təhsil Nazirliyinin son məlumatına əsasən, çərşənbə günü ölkə üzrə 459 təhsil müəssisəsində dərslər tam və ya qismən dayandırılıb. Bundan əvvəl isə 891 təhsil müəssisəsində dərslərin tam və ya qismən ləğv edildiyi bildirilmişdi.
Fransada sentyabr ayında başlayan və daha sonra ölkə üzrə kütləvi nümayişlərə çevrilən şagird və tələbə etirazları təhsil sistemində köklü islahatların aparılması və təhsil şəraitinin yaxşılaşdırılması tələbləri ilə keçirilir.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























