Misirdə aparılan yeni araşdırma Böyük Sfinks və Gizə piramidələri ilə bağlı maraqlı faktı üzə çıxarıb. Qahirə yaxınlığında təxminən bir əsr əvvəl aşkarlanan timsah kəlləsinin 45 milyon il əvvəl yaşamış, elmə məlum olmayan yeni bir cinsə aid olduğu müəyyənləşdirilib.
Tədqiqatçılar bu yeni cinsi Herugavialis cairensis adlandırıblar. Daşlaşmış qalığın Böyük Sfinksin hazırlanmasında istifadə olunan süxurların da daxil olduğu eyni geoloji formasiyadan aşkarlanması diqqət çəkib. Maraqlıdır ki, qalıqdakı burun ucunun olmaması məşhur heykəlin çatışmayan burnunu xatırladır.
Elm dünyasında maraq doğuran bu kəşf qədim Misirdə son illərdə üzə çıxarılan digər mühüm tapıntıları da yenidən gündəmə gətirib.
Keops piramidasında gizli dəhliz
2023-cü ilin martında beynəlxalq ScanPyramids layihəsi Gizədə yerləşən və təxminən 4 500 il yaşı olan Keops piramidasının şimal fasadında 9 metr uzunluğunda gizli dəhliz aşkarlayıb.
Xüsusi şüa taraması zamanı əldə edilən məlumatlarla müəyyən edilən dəhlizin mövcudluğu daha sonra kiçik kamera vasitəsilə də təsdiqlənib. Lakin dəhlizin hansı məqsədlə inşa edildiyi hələ dəqiq müəyyənləşdirilməyib.
Yeni timsah qalığı ilə bağlı araşdırma 2026-cı ilin oktyabrında dərc olunub. Kəşf qədim Misirin yalnız piramidaları və fironları ilə deyil, milyonlarla il əvvələ gedib çıxan zəngin geoloji tarixi ilə də diqqət çəkdiyini göstərir.


Şəhla Sabirli
İNFOAZ.MEDİA
























