image-foto-1-z0qpbackend

Sibirdə bioloji laboratoriyada şübhəli ölüm: ABŞ və Rusiya arasında gərginlik

Rusiyanın İrkutsk şəhərində yerləşən yüksək təhlükəsizlik rejimli Vəba ilə Mübarizə İnstitutunda baş verən şübhəli ölüm ABŞ-Rusiya arasında diplomatik müzakirələrə səbəb olub. 28 yaşlı Darya Şipilovanın ölümündən sonra Vaşinqton Moskva hakimiyyətindən hadisənin təfərrüatları və elmi sübutlarla bağlı əlavə məlumat tələb edib.

ABŞ Dövlət Departamenti Rusiyadan ölümün səbəbi və laboratoriyada baş verənlərlə bağlı ətraflı izahat istəyib. Hadisə COVID-19 pandemiyasının ilk dövründə Çinin Uhan şəhərindəki laboratoriyalarda aparılan araşdırmalar ətrafında yaranmış mübahisələri də yenidən gündəmə gətirib.

Rusiya tərəfi Şipilovanın ölüm səbəbini mənşəyi müəyyən edilməyən pnevmoniya kimi açıqlayıb. Bununla yanaşı, laboratoriyadan təhlükəli patogenin sızması ilə bağlı iddialar yayılıb. Hadisədən sonra təxminən 200 nəfər tibbi nəzarətə götürülüb və karantin tədbirləri tətbiq edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Rusiyadan hadisə ilə bağlı ətraflı məlumat tələb edib. Moskva isə təmasda olan şəxslərdə vəba xəstəliyinin aşkar edilmədiyini və mövcud məlumatların təşkilata təqdim olunduğunu bildirib.

ÜST  Rusiyada genişmiqyaslı epidemiya riskini aşağı, Avropa üçün isə çox aşağı qiymətləndirib. Bununla belə, təşkilat ölümün dəqiq səbəbi ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Hadisə fonunda ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxın zamanda görüşəcəyini bildirib. Lakin Kremlin açıqlamasına görə, hazırda belə bir görüşlə bağlı planlaşdırılmış razılaşma yoxdur.

Laboratoriyada baş verən hadisənin dəqiq səbəbi və patogen sızması ilə bağlı iddiaların elmi əsasının olub-olmadığı isə hələlik açıq qalır.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki