ABŞ-da ölüm cəzasına məhkum edilən 50 yaşlı Krista Paykın edamı son anda təxirə salınıb.
İNFOAZ.MEDİA xəbər verir ki, iki əsr ərzində Tennessi ştatında edam edilən ilk qadın olması gözlənilən Paykın cəzasının icrasının dayandırılması barədə qərar edama cəmi bir neçə saat qalmış qəbul edilib.
ABŞ-ın federal apellyasiya məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi hüquqi arqumentləri araşdırmaq üçün əlavə vaxta ehtiyac olduğunu əsas gətirərək edamın müvəqqəti dayandırılmasına qərar verib.
Məlumata görə, Paykın vəkilləri onun uşaqlıq dövründə cinsi zorakılığa məruz qalması ilə bağlı faktların əvvəlki məhkəmə prosesində lazımi şəkildə nəzərə alınmadığını bildiriblər. Müdafiə tərəfi bu hallarının ölüm hökmünə təsir edə biləcəyini əsas gətirib.Bundan əvvəl Tennessi qubernatoru Bill Li Paykın əfv olunması ilə bağlı müraciəti rədd edib. Bundan sonra vəkillər edamın qarşısının alınması üçün ABŞ Ali Məhkəməsinə müraciət ediblər.
Krista Payk 1995-ci ildə 19 yaşlı tələbə yoldaşı Kolin Slemmerin qətlində təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Cinayət törədilərkən Paykın 18 yaşı olub. İttihama əsasən, Payk Slemmeri sevgilisi ilə bağlı qısqanclıq səbəbilə hədəfə alıb. O, sevgilisi ilə birlikdə Slemmeri kimsəsiz əraziyə apararaq ona işgəncə verib və daha sonra öldürüb.
Paykın edamı həyata keçirilsəydi, o, Tennessi ştatında təxminən 200 ildən sonra edam edilən ilk qadın olacaqdı.
Hazırda edamın nə vaxt həyata keçiriləcəyi məlum deyil. Qərarın gələcək taleyi məhkəmə proseslərinin nəticəsindən asılı olacaq.
























