Almaniyanın ən çox əhalisi olan Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüst gələcəkdə federal səviyyədə vəzifəyə keçəcəyi ilə bağlı müzakirələrə münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, 51 yaşlı Xristian Demokrat İttifaqının (CDU) üzvü Vüst Şimali Reyn-Vestfaliyaya 2021-ci ildən rəhbərlik edir. O, sentyabrın 27-də ZDF telekanalına açıqlamasında əyalətin baş naziri vəzifəsində qalmaq istədiyini deyib. Vüst siyasi etimadın kadr müzakirələri ilə deyil, hökumətin fəaliyyəti ilə bərpa olunduğunu bildirib.
Vüstün adı son aylarda Almaniya kansleri Fridrix Mertsin mümkün varisləri sırasında hallanır. Bununla belə, o, federal siyasətə keçmək ehtimalını qəti şəkildə istisna etməyib. Şimali Reyn-Vestfaliyada növbəti parlament seçkiləri 2027-ci il aprelin 25-də keçiriləcək.
Vüst bundan əvvəl Mertsin hökumətinə dəstəyini ifadə edib və CDU daxilində kadr müzakirələrinin dayandırılmasının vacibliyini vurğulayıb.
Vüst 2005-ci ildə ilk dəfə Şimali Reyn-Vestfaliya parlamentinə seçilib və daha sonra Armin Laşetin hökumətində nəqliyyat naziri vəzifəsində çalışıb. O, 2021-ci ildən əyalət hökumətinə rəhbərlik edir.
Rauf
























