Ali məktəblərə qəbul imtahanlarının mövcud formatı dəyişə bilər. İmtahan fənlərinin sayının azaldılması, qiymətləndirmə meyarlarının yenilənməsi və beynəlxalq təcrübənin tətbiqi təhsil sistemində yeni mərhələnin başlanmasına səbəb ola bilər.
Bəs ali məktəblərə qəbul qaydalarında hansı dəyişikliklər gözlənilir və bu yeniliklər repetitorluğa tələbatı azalda bilərmi?
Mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ali təhsil müəssisələrinə qəbul qaydalarının dəyişdirilməsinə ehtiyac var. Onun sözlərinə görə, bu istiqamətdə islahatlar aparılarkən iki əsas məqam nəzərə alınmalıdır.
“İlk növbədə qəbul proqramının əhatə dairəsinin 10–11-ci sinifləri əhatə edəcək şəkildə formalaşdırılması məqsədəuyğun ola bilər. Bu yanaşma şagirdlərin qəbul imtahanlarına hazırlıq prosesinə təsir göstərməklə yanaşı, repetitor xidmətlərinə müraciətlərin sayının azalmasına da şərait yaradacaq.
Digər mühüm məsələ qəbul imtahanlarında fənlərin sayının minimuma endirilməsidir. Qəbulun ən azı üç fənn üzrə təşkili repetitorluğa tələbatın tədricən azalmasına müsbət təsir göstərə bilər”.
Təhsil eksperti vurğulayıb ki, bu dəyişikliklər həyata keçirilərkən beynəlxalq qəbul modelləri də nəzərə alınmalıdır.
“Hazırda şagirdlərin dinləyib-anlama və fikirlərini ifadə etmək bacarıqları yoxlanılır. Gələcəkdə isə onların ümumi bilik və bacarıqlarının fərqli üsullarla qiymətləndirilməsinə ehtiyac yarana bilər.
Yaxın illərdə ali məktəblərə qəbul imtahanlarının formatında müəyyən dəyişikliklərin şahidi ola bilərik. Bu yeniliklər qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və şagirdlərin biliklərinin daha fərqli meyarlarla ölçülməsi baxımından əhəmiyyət daşıyır”.
Qeyd edək ki, qəbul qaydalarında mümkün dəyişikliklərin hansı formada həyata keçiriləcəyi və konkret yeniliklərin nədən ibarət olacağı ilə bağlı rəsmi qərar olmadan qəti fikir söyləmək mümkün deyil.// Konkret.az
























