image-1778153079_8534cabf-15f0-461e-9da7-ac79c7f3c1eabackend

İkiüzlü olmayın, kişi olun!

İyirmi-iyirmi beş il əvvəl Avropa ölkələrindən birinin səfiri Gədəbəyə gedib. Belə səfərlər diplomatların fəaliyyət planına daxil olduğu üçün burada təəccüblü, qeyri-adi heç nə yoxdur.

ABŞ səfiri Riçard Morninqstarın Şəkidə pitinin içinə çörək doğrayıb qırmızı soğanla yediyini özüm görmüşəm…

Hövsələsiz olmayın, mətləbə keçirəm. Yerli icra hakimiyyətinin rəhbər şəxsləri avropalı diplomatın pişvazına çıxıblar. Onu rayonda aparılan quruculuq işləri ilə tanış edib, təkcə görülən deyil, həm də görülməyən işlərdən danışaraq səfiri xeyli təəccübləndiriblər. Sonra birlikdə dağa qalxıblar.

Quzu kababının qoxusu ətrafa yayılanda səfir o boyda yolu qət edib Gədəbəyə gəlməkdə səhv etmədiyini anlayıb.

Müftə yeməyə vərdiş etmiş avropalılar kababa girişiblər. Tovuzun Məşədilər kəndindən gətirilən tut arağı məclisə xüsusi ab-hava qatıb. Yaxşı yeyib-içəndən sonra məclisə aşıq təşrif buyurub.

Sən demə, qazaxlı qardaşımız “hazır” gəlibmiş. Bir-iki ağız oxuyandan sonra Göyəzənin ətəyində keçən uşaqlıq illərini xatırlayaraq, ağlamağa başlayıb. Bu vaxt səfirin insanpərvərlik damarı baş qaldırıb.

“Nə etmisiniz ki, bu adam ağlayır?” deyərək, səs-küy salıb, aləmi bir-birinə qatıb. Amma sərxoş olduğu üçün ona çox içəndən sonra ağlamağın Azərbaycan xalqının mental xüsusiyyətlərindən biri olduğunu heç cür başa sala bilməyiblər…

Bu həmin vaxt idi ki, qohumlarım Beyləqanda, İmişlidə, Saatlıda, Sabirabadda çadır şəhərciklərində, fin evlərdə, vaqonlarda çürüyürdü. Erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşən yüz minlərlə insan antisanitariya şəraitində yaşayır, yoluxucu xəstəliklərlə mübarizə aparırdı.

Minlərlə tale yarımçıq qırılır, yüzlərlə insan yurd həsrəti, torpaq niskili ilə dünyadan köçürdü. Amma nədənsə kabab iyinə buradan Gədəbəyə gedən səfirin Bakının “qulağının dibindəki” Şirvanda məskunlaşan məcburi köçkünlərə baş çəkmək yadına düşmürdü…

Bu avropalılar həmişə belə qeyri-səmimi olublar. İndi də utanmadan Xocalı qatillərinə azadlıq tələb edir, Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtmasını istəyirlər. Amma qədim yurd yerlərimizdən olan Qərbi Azərbaycandan qaçqın düşmüş 300 min soydaşımızın geri qayıtması yenə onların “yadına düşmür”.

Bilirəm, sözdən keçib. Yəni, sizə heç bir söz təsir etmir. Amma mənim sözdən başqa “silahım” yoxdur.

Odur ki, yenə yazıram: ikiüzlü olmayın, kişi olun! Öz həmcinsləri ilə evlənən “kişi”lərdən yox, ha! (Mənbə: Metbuat.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki