image-usaqpulu-2-768x403backend

Əhaliyə ŞAD XƏBƏR: Uşaqpulu verilə bilər

Azərbaycanda uşaqpulunun yenidən tətbiqi məsələsi müzakirə olunur. Son illər ölkədə doğum göstəricilərində müşahidə olunan azalma və demoqrafik tendensiyalar sosial dəstək mexanizmlərinin genişləndirilməsi ilə bağlı çağırışları artırıb. Ekspertlər hesab edir ki, gənc ailələrin sosial rifahının gücləndirilməsi həm əhali artımına, həm də sosial sabitliyə müsbət təsir göstərəcək.

Bəs Azərbaycanda uşaqpulu yenidən bərpa oluna bilərmi?

İqtisadçı Eyyub Kərimli bildirib ki, dünya təcrübəsində uşaqpulu əsasən demoqrafik vəziyyətin mənfi istiqamətdə dəyişdiyi ölkələrdə tətbiq olunur:

“Ümumiyyətlə, təcrübə göstərir ki, uşaqpulu daha çox doğum sayının azaldığı ölkələrdə tətbiq edilir. Belə ölkələrdə əhali qocalır, gənc nəsil azalır. Dövlətlər də stimullaşdırıcı tədbir kimi uşaqpulu proqramlarını həyata keçirirlər ki, gənclər daha çox ailə qursun, uşaq dünyaya gətirsin və əhali artımı təmin olunsun”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda da son illər doğum göstəricilərində azalma müşahidə edilir və bu tendensiya müəyyən sosial təşviq mexanizmlərini aktuallaşdıra bilər:

“Hesab edirəm ki, hazırda ölkəmizdə demoqrafik proseslərdə müəyyən mənfi tendensiyalar müşahidə olunur. Doğum sayı azalır. Bu prosesin dinamikasına uyğun olaraq stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi mümkündür. Amma bu, mütləq şəkildə yalnız uşaqpulu formasında olmaya da bilər”.

E.Kərimlinin sözlərinə görə, dövlət tərəfindən gənc ailələrə yönəlmiş müxtəlif sosial dəstək proqramlarının tətbiqi daha effektiv nəticələr doğurar:

“Gənc ailələr üçün güzəştli mənzil proqramları, vergi güzəştləri, sosial xidmətlərdən növbəsiz istifadə imkanları və ya maddi yardımlar tətbiq oluna bilər. Bütün bunlar doğum göstəricilərinin artmasına müsbət təsir edəcək”.

İqtisadçı vurğulayıb ki, gələcəkdə ölkədəki demoqrafik vəziyyətin inkişaf dinamikasından asılı olaraq uşaqpulunun yenidən tətbiqi də istisna deyil.// KONKRET.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki