Gürcüstanda yanacağın qiymətində son aylarda müşahidə olunan kəskin artım region ölkələrində də narahatlıq yaradıb. Bəzi yanacaqdoldurma məntəqələrində qiymətlər cəmi bir həftə ərzində 20–30 tetri bahalaşıb, mart ayından indiyədək isə ümumi artım 1,24 lariyə çatıb. Regional enerji bazarındakı dəyişikliklər və dünya neft qiymətlərindəki dalğalanmalar fonunda Azərbaycanda da yanacağın bahalaşacağı ilə bağlı suallar gündəmə gəlir.
Bəs yaxın aylarda Azərbaycanda benzin və dizelin qiyməti arta bilərmi?
İqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda xüsusilə Aİ-92 markalı benzin və dizel yanacağının qiymətində yaxın dövrdə artım gözlənilmir.
Onun sözlərinə görə, Azərbaycanda yanacaq qiymətləri birbaşa dünya bazarındakı neft qiymətlərinə uyğun formalaşmır:
“Dünya bazarında neftin qiyməti düşən dövrlərdə də Azərbaycanda yanacaq bahalaşıb. Məsələn, 2024-cü ilin iyulunda və 2025-ci ilin dekabr ayının sonunda qiymətlər artırılmışdı. Həmin dövrlərdə neft ucuzlaşırdı. Yəni Azərbaycanda qiymət artımı yalnız neftin bahalaşması ilə bağlı deyil”.
İqtisadçı qeyd edib ki, ölkədə yanacaq qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir və qiymət müəyyən edilərkən müxtəlif amillər nəzərə alınır:
“Qiymətin formalaşması zamanı təkcə dünya neft qiymətləri deyil, ölkədəki inflyasiya səviyyəsi, əhalinin sosial vəziyyəti və aidiyyəti qurumların xərc strukturu da nəzərə alınır. Buna görə də dünya bazarında neft ucuzlaşanda belə, Azərbaycanda dizelin qiyməti 80 qəpikdən 1 manata qaldırılmışdı. Benzinin qiymətində də təxminən 15 qəpik artım olmuşdu”.
X.Kərimli vurğulayıb ki, Gürcüstanda yanacaq qiymətləri bazar prinsipləri əsasında formalaşdığı halda, Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilir:
“Azərbaycanda yalnız premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Bu seqmentdə qiymətlər SOCAR-ın qərarları əsasında müəyyən edilir. Ona görə də məhz premium benzində müəyyən bahalaşma ehtimalı mümkündür. Bu isə dünya bazarında neft qiymətlərinin hansı səviyyədə və nə qədər müddət yüksək qalacağından asılı olacaq”.// Konkret.az
























