Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə hücumlarına cavab veriləcəyini açıqlayıb.
Zelenski sentyabrın 4-də Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Aleksandr Pokladın hesabatından sonra bildirib ki, Rusiyaya cavab zərbələrinin coğrafiyası artıq müəyyənləşdirilib. Onun sözlərinə görə, əsas məsələ cavab üçün düzgün zamanın seçilməsidir.
“Cavabın coğrafiyası müəyyən edilib. Nəticələrin təmin edilməsi üçün vaxt seçiləcək. Ukraynaya şöhrət!” – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri daha əvvəl Rusiyaya məxsus pilotsuz uçuş aparatının Kiyevin mərkəzində yerləşən SBU qərargahını hədəf aldığını açıqlamışdı. Onun sözlərinə görə, PUA Volodimirskaya küçəsində, Müqəddəs Sofiya Katedralının qarşısında yerləşən SBU binasına zərbə endirib.
“Mən SBU direktoru Aleksandr Pokladla danışdım. Təəssüf ki, Rusiya pilotsuz təyyarəsi Kiyevdə, Volodimirskaya küçəsində, Müqəddəs Sofiya Katedralının qarşısında yerləşən SBU-nun qərargahına zərbə endirib”, – deyə Zelenski qeyd edib.
“Ukrainska Pravda” nəşrinin mənbələrinin məlumatına görə, hücum zamanı general Aleksandr Poklad öz ofisində olmayıb. Bildirilir ki, pilotsuz uçuş aparatı birbaşa SBU rəhbərinin həmin binadakı kabinetinə yönəlib.
Zelenski isə Rusiyaya cavabın “adekvat və hiss olunacaq” olacağını bildirib. O, Poklada zəruri hazırlıqlar tamamlandıqdan sonra Rusiyaya oxşar şəkildə cavab verilməsi tapşırığını verdiyini deyib.
Beləliklə, Kiyevin növbəti cavab zərbələrinin haraya və nə vaxt həyata keçiriləcəyi ilə bağlı qərarın artıq hazırlandığı mesajı verilir.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























