ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna (RDIF) qarşı sanksiyaların ləğv edilməsi imkanını nəzərdən keçirir.
İNFOAZ.MEDİA xəbər verir ki, bu addım Rusiyadan ABŞ-a dizel yanacağının tədarükünün təşkilində fondun rolundan sonra gündəmə gəlib.
Məlumata görə, Rusiya rəsmiləri yanacaq tədarükü ilə bağlı danışıqlar zamanı fonda tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasına çalışıblar. ABŞ Maliyyə Nazirliyi isə müraciəti müəyyən edilmiş prosedurlar çərçivəsində araşdırır. Hələlik yekun qərar verilməyib.
2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra sanksiyalara məruz qalan fondun rəhbəri Kirill Dmitriyev Moskvanın Vaşinqtonla danışıqlarında iqtisadi məsələlər üzrə əsas nümayəndələrdən biridir.
ABŞ administrasiyası sanksiyaların mümkün yumşaldılmasını Rusiya ilə münasibətlərin yaxşılaşdırılması və Ukraynadakı müharibənin başa çatdırılması səyləri ilə əlaqələndirir. Bununla belə, bəzi keçmiş ABŞ rəsmiləri belə bir addımın Moskva üzərindəki iqtisadi təzyiqi zəiflədə biləcəyini düşünür.
Rauf
























