Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Ukrayna və Rusiya arasında qış aylarında gərginliyin azaldılması imkanlarını araşdırdığını və daha geniş sülh danışıqlarını yenidən başlatmağa çalışdığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskvada Vladimir Putin, daha sonra isə Kiyevdə Zelenski ilə görüşlərindən sonra Vaşinqtonun əsas mesajı “rusların danışıqlara hazır olması” olub.
Bununla belə, Zelenski Rusiyanın Ukraynaya hücumlarını davam etdirməsi fonunda Moskvanın niyyətlərinə şübhə ilə yanaşdığını bildirib.
Onun sözlərinə görə, etimadın artırılması üçün enerji infrastrukturu, taxıl daşımaları, elektrik enerjisi, neft və qazla bağlı müəyyən razılaşmalar əldə oluna bilər. Zelenski bu tədbirlərin məqsədinin “tərəfləri sülhə yaxınlaşdıra biləcək” addımlar müəyyənləşdirmək olduğunu deyib.
Ukrayna Prezidenti hesab edir ki, Putin ABŞ Prezidenti Donald Trampla münasibətləri qorumaqda maraqlıdır. “Putinə Tramp lazımdır” deyən Zelenski, Rusiya liderinin ABŞ-dakı aralıq seçkiləri ərəfəsində Trampı narazı salmaq istəmədiyini bildirib.
Eyni zamanda Zelenski Rusiyanın qış fəslindən Ukraynaya təzyiq göstərmək üçün istifadə etməyə çalışacağını vurğulayıb:
“Rusiya həqiqətən düşünür ki, bu qış bizi sındırmağa kömək edə bilər”.
Zelenskinin sözlərinə görə, Kiyev danışıqların sentyabr və ya oktyabr aylarında yenidən başlamasını istəyir.
“Dialoq olmadan nəticə əldə edə bilməyəcəyik”, – deyə Ukrayna Prezidenti bildirib.
Jalə
























