image-1011675_srcbackend

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın açıqlamasını təkzib etdi

Rusiya Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyəti tərəfindən Rusiya hava məkanının təhlükəli olması ilə bağlı verilən NOTAM-ı qəti şəkildə rədd edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş açıqlamada bildirilib.

Nazirlik qeyd edib ki, bildirişlər hüquqi cəhətdən etibarsızdır, real vəziyyəti təhrif edir və Rusiya hava məkanının istifadəçilərini çaşdırır. Nazirlik həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) baş katibi Xuan Karlos Salazarı “Kiyevin mülki aviasiyaya qarşı təhdidlərini pisləməyə” çağırıb. 

Bundan əlavə, Xarici İşlər Nazirliyi Ukraynadan bu cür açıqlamaların qarşısını almaq üçün tədbir görməsini tələb edib. O, həmçinin nazirliyin mülki aviasiyanın təhlükəsizliyini təmin etməyə tam sadiq olduğunu vurğulayıb.

Sentyabrın 2-də Rosaviasiya Ukraynanın Rusiya hava məkanı ilə bağlı dərc etdiyi bütün sənədlərin etibarsız olduğunu və Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanı pozduğunu elan etdi.

1 sentyabrda Ukrayna Prezidenti Volodymyr Zelensky Rusiya səmasının aviaşirkətlər üçün “təhlükəli hala gəldiyini” və “de-fakto bağlanacağını” bildirdi. O, əlavə etdi ki, dronlar “elə bir şəkildə peyda olacaq ki, onlarla hesablaşmalı olacağıq”. Bu açıqlamalara cavab olaraq Rusiya Prezidenti Vladimir Putin Ukraynanın “dövlət terrorizminə cəhd etdiyini” bəyan etdi.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki