image-dsc_7312_edit_1788863495-768x403backend

Prezidentin yeni təyin etdiyi Əhməd İsmayılov kimdir?-DOSYE

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib.  Bu barədə, Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Əhməd İsmayılov 1980-ci ildə Bakı şəhərində anadan olub.

1987–1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil alıb. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr dərəcəsini əldə edib.

2022-ci ildə ABŞ-ın Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramını başa vurub.

Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim kimi başlayıb. 2004–2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatında Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi vəzifəsində çalışıb.

2005–2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib. 2008–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011–2018-ci illərdə isə həmin qurumun Aparat rəhbəri olub.

2018–2020-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

2020–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru olub.

Əhməd İsmayılov 2009–2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” ilk ərazi təşkilatına rəhbərlik edib. 2019-cu ildən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin eksperti kimi fəaliyyət göstərir.

O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Gəmiçilik sahəsində xidmətlərə görə” medalları, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Əhməd İsmayılov dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir. Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir, bir övladı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki