Çinin Rusiyadan neft idxalından əldə etdiyi iqtisadi fayda 2022-ci ildən etibarən 27 milyard dollara çatıb.
Bu barədə “Rosneft” şirkətinin baş direktoru İqor Seçin 8-ci Rusiya-Çin Enerji Biznes Forumunda çıxışı zamanı bildirib.
Seçinin sözlərinə görə, Rusiya neftinin Çin bazarındakı payı rekord həddə çataraq 27 faiz təşkil edib. Ötən il Çinə Rusiyadan 100 milyon tondan çox neft tədarük olunub. 2026-cı ilin ilk yeddi ayında isə bu göstərici 67 milyon ton təşkil edib.
“Yaxın Şərq alternativi ilə müqayisədə Rusiya neftinin alınmasının daha yüksək səmərəliliyi sayəsində Çinin 2022-ci ildən başlayaraq əldə etdiyi ümumi iqtisadi fayda, bizim hesablamalarımıza görə, 27 milyard dollar təşkil edir”, – deyə Seçin bildirib.
Məlumata görə, Rusiya neftinin Çin üçün əsas üstünlüklərindən biri onun qiymətidir. “Argus Media”nın məlumatına əsasən, avqustun sonunda Rusiyanın “Urals” markalı nefti limanlarda “Brent” neftinə nisbətən hər barel üçün 26-27 dollar daha ucuz satılıb. Nəqliyyat xərcləri də nəzərə alınsa, Rusiya nefti Çin üçün bir sıra alternativ mənbələrdən daha sərfəli olaraq qalır.
Rusiya neftinin digər böyük alıcısı olan Hindistan da tətbiq edilən endirimlərdən əhəmiyyətli maliyyə üstünlüyü əldə edib. “Indian Express”in məlumatına görə, Hindistan 2022-2025-ci illər ərzində Rusiya neftinə tətbiq olunan endirimlər hesabına təxminən 12,6 milyard dollar qənaət edib.
Beləliklə, Rusiya neftinin Qərb sanksiyaları fonunda Çin və Hindistan bazarlarında daha böyük pay əldə etməsi Moskvanın enerji ixracında Asiya istiqamətinin əhəmiyyətini daha da artırıb.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























