image-kupca_111-768x403-1backend

Sovet dövründən qalan sənədlərlə evlərə çıxarış veriləcək? – AÇIQLAMA

Azərbaycanda çıxarışı olmayan evlərin rəsmiləşdirilməsi məsələsi hələ də aktual olaraq qalır. Xüsusilə sovet dövründən qalan sənədlər, yerli icra hakimiyyəti və bələdiyyələr tərəfindən verilmiş sərəncamlar əsasında tikilən evlərin hüquqi statusu ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Bir neçə il əvvəl qanunsuz tikililərin leqallaşdırılması və daşınmaz əmlak əməliyyatlarının vahid portal üzərindən həyata keçirilməsi ilə bağlı planlar açıqlansa da, bu istiqamətdə gözlənilən nəticələr hələ əldə olunmayıb.

Bəs çıxarışsız evlərin gələcək taleyi necə olacaq və onların rəsmiləşdirilməsi nə vaxt mümkün olacaq?

Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov  açıqlamasında bildirib ki, 2023-cü ilin fevralında Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vahid portalın yaradılması ilə bağlı konsepsiya təqdim olunub.

“Həmin portal vasitəsilə gələcəkdə daşınmaz əmlakla bağlı əməliyyatların həyata keçirilməsi, eləcə də qanunsuz tikililərin leqallaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulurdu. Bunun üçün müvafiq normativ-hüquqi sənədlərin hazırlanması və digər dövlət qurumları ilə birgə fəaliyyətin təşkili planlaşdırılırdı”.

Lakin Elnur Azadov qeyd edib ki, bu günə qədər məsələnin həlli istiqamətində ciddi dəyişiklik müşahidə olunmur.

“Hazırda çıxarışların verilməsi ilə bağlı müəyyən hüquqi mexanizmlər mövcuddur. Belə ki, Prezidentin 2015-ci il tarixli 324 nömrəli sərəncamı əsasında daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün müvafiq sənədlərin və prosedurların müəyyənləşdirilməsi istiqamətində hüquqi baza formalaşdırılıb. Sonrakı dəyişikliklərlə sovet dövründə, eləcə də yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş bəzi sənədlərin tanınması imkanları genişləndirilib”.

Elnur Azadovun fikrincə, bu mexanizm on minlərlə daşınmaz əmlakın rəsmiləşdirilməsi üçün əsas yarada bilər. Bununla belə, sovet dövründən qalan sənədlərin, müxtəlif təyinatlı obyektlərə dair qərarların və sonrakı illərdə verilmiş sərəncamların hüquqi statusu eyni deyil.

Ekspert vurğulayıb ki, bəzi sənədlər hazırkı qanunvericiliyin tələblərinə uyğun gəlmir və onların tanınması üçün ayrıca hüquqi qiymətləndirmə aparılmalıdır. Bu səbəbdən bütün çıxarışsız evlərin vahid qərarla leqallaşdırılması asan məsələ deyil.

Onun sözlərinə görə, ehtimal ki, gələcəkdə müəyyən sənəd növlərinin mərhələli şəkildə tanınması istiqamətində addımlar atılacaq. Ancaq heç bir sənədi olmayan evlərlə bağlı problem hələ də həllini gözləyir.

Beləliklə, çıxarışsız evlərin rəsmiləşdirilməsi məsələsinin həlli üçün vahid və işlək mexanizmin yaradılması, eləcə də müxtəlif sənədlərin hüquqi statusunun dəqiqləşdirilməsi vacib olaraq qalır. Hazırda isə sənədsiz və ya hüquqi baxımdan yetərli hesab edilməyən sənədlərlə tikilmiş evlərin gələcək taleyi ilə bağlı konkret müddət açıqlanmayıb.// Konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki