Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkəti dünya üzrə təxminən 660 min əməkdaşının maaşlarını 2030-cu ilə qədər artırmamağı planlaşdırır. Bu barədə şirkətin işçi nümayəndəliyinə istinadən “Reuters” məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, təklif şirkətin xərcləri azaltmaq və yenidənqurma strategiyasının bir hissəsidir. Plan çərçivəsində əməkhaqlarının artırılmasının dayandırılması ilə yanaşı, bonusların, əlavə ödənişlərin və digər güzəştlərin də azaldılması nəzərdə tutulur.
“Volkswagen” rəhbərliyi məsələ ilə bağlı yayılan məlumatları şərh etməyib və əmək xərcləri ilə bağlı təkliflərin müzakirəsi üçün qarşıdakı danışıqları göstərib.
Şirkətin işçi nümayəndəliyi isə planı tənqid edərək onun ciddi müqavimətlə qarşılaşacağını bildirib. Almaniyanın IG Metall həmkarlar ittifaqı əməkhaqları ilə bağlı qərarların rəhbərliyin birtərəfli göstərişi ilə deyil, danışıqlar yolu ilə qəbul edilməli olduğunu vurğulayıb.
Həmçinin qeyd olunur ki, inflyasiya fonunda əməkhaqlarının artırılmaması işçilərin real alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. “Volkswagen” daha əvvəl 2030-cu ilə qədər dünya üzrə 50 min iş yerinin ixtisarını nəzərdə tutan qənaət planını da açıqlayıb.
Jalə
























