Avstraliya Hərbi Dəniz Qüvvələrinə məxsus HMAS Leeuwin tədqiqat gəmisində qadınlar üçün nəzərdə tutulan sanitar qovşaqda gizli videoçəkiliş cihazı aşkarlanıb. Hadisə gəmi Keyns limanında dayanarkən baş verib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Avstraliya Hərbi Dəniz Qüvvələrinin rəhbəri, vitse-admiral Mett Bakli hadisəni “cinsi zorakılıq aktı” və “etimadın ən iyrənc şəkildə pozulması” kimi qiymətləndirib. O, donanmaya məxsus bütün gəmilərdə sanitar qovşaqların yoxlanılması barədə göstəriş verib. Yoxlamalar zamanı başqa gizli çəkiliş cihazı aşkarlanmayıb.
Hadisə ilə əlaqədar Avstraliya Müdafiə Qüvvələrinin bir əməkdaşı şübhəli şəxs kimi müəyyən edilib. Hərbi polis araşdırma apararkən həmin şəxs vəzifəsindən kənarlaşdırılıb, lakin əməkhaqqını almağa davam edir.
Mett Bakli indiyədək çəkilmiş görüntülərin internetdə paylaşılmasına dair hər hansı sübutun olmadığını bildirib. Bu məsələ parlamentdə senator Ceki Lembinin də narahatlığına səbəb olub. O, qeydə alınmış görüntülərin internetə yüklənmiş ola biləcəyi ehtimalını gündəmə gətirib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Jalə
























