image-metro_2025_yenidir-768x403-4backend

Metrodan istifadə edənlərin sayı azalır: Gedişhaqqı artırılacaq?

Son dövrlər metrodan istifadə edən sərnişinlərin sayında azalma müşahidə olunması ictimai nəqliyyatın maliyyə dayanıqlılığı və mövcud gedişhaqqının iqtisadi əsasları ilə bağlı müzakirələri aktuallaşdırır.

Belə şəraitdə tariflərin dəyişdirilməsi nə dərəcədə məqsədəuyğundur?

Mövzu ilə bağlı danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, sərnişin sayının azalması ilk növbədə buna səbəb olan amillərin müəyyənləşdirilməsini tələb edir.

“İnsanların metroya marağının azalmasının səbəbləri xidmət keyfiyyətinin aşağı düşməsi, qatarların hərəkət intervalının uzanması, alternativ nəqliyyat imkanlarının dəyişməsi və ya gedişhaqqının sərnişinlərin seçimlərinə təsiri ilə bağlı ola bilər. Bu amillər araşdırılmadan tariflərin artırılmasını müzakirə etmək iqtisadi baxımdan düzgün yanaşma deyil”.

Ekspert qeyd edib ki, maliyyə problemlərinin həllində ən asan yol kimi tariflərin artırılmasına üstünlük verilməsi idarəetmənin səmərəliliyi, xərclərin optimallaşdırılması və əlavə gəlir mənbələrinin yaradılması kimi məsələləri arxa plana keçirir.

“Metro adi kommersiya obyekti deyil, şəhərin nəqliyyat sisteminin əsas dayaqlarından biridir. Onun fəaliyyəti yalnız bilet satışından əldə olunan gəlirlə ölçülə bilməz. Tıxacların azaldılması, insanların işə və təhsil müəssisələrinə vaxtında çatması, şəhərdə hərəkətliliyin təmin edilməsi də iqtisadi faydadır. Bu amilləri nəzərə almadan metroya yalnız gəlir gətirməli olan müəssisə kimi baxmaq yanlışdır”, – deyə Asif İbrahimov vurğulayıb.

Mütəxəssisin fikrincə, gedişhaqqının artırılması hər sərnişindən əldə olunan gəliri yüksəltsə də, bu addım sərnişin sayının daha da azalmasına səbəb olarsa, gözlənilən maliyyə nəticəsi əldə edilməyə bilər.

“Tariflərlə bağlı qərar qəbul edilməzdən əvvəl metro xidmətlərinin real maya dəyəri, əməliyyat xərcləri, dövlət subsidiyaları, sərnişin axını və əhalinin ödəmə qabiliyyəti ətraflı təhlil olunmalıdır. Eyni zamanda, müvafiq hesablamaların ictimaiyyətə açıqlanması və qərarların konkret iqtisadi göstəricilərə əsaslanması vacibdir”.

Asif İbrahimovun sözlərinə görə, dövlətin əsas vəzifələrindən biri yalnız tarifləri müəyyənləşdirmək deyil, həm də ictimai nəqliyyatın əlçatanlığını və maliyyə dayanıqlılığını qorumaqdır.

Ekspert hesab edir ki, sərnişin sayının azalması fonunda əsas diqqət gedişhaqqının artırılmasına deyil, bu tendensiyanın səbəblərinin aradan qaldırılmasına yönəldilməlidir. Onun fikrincə, idarəetmənin səmərəliliyi tarif artımı ilə deyil, daha çox insana keyfiyyətli və əlçatan nəqliyyat xidmətinin iqtisadi cəhətdən səmərəli şəkildə təqdim olunması ilə ölçülməlidir.// Konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki