ABŞ ordusu Miçiqan ştatında keçirilən hərbi təlimlər zamanı Ukrayna istehsalı olan pilotsuz dəniz aparatlarını havadan uçan dronlar üçün mobil buraxılış platforması kimi sınaqdan keçirib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Defence Blog” nəşri məlumat yayıb.
Sınaqlar “Bayonet Quest 26” təlimləri çərçivəsində ABŞ ordusunun 7-ci Piyada Diviziyasının iştirakı ilə keçirilib. Ukraynanın UFORCE şirkəti tərəfindən istehsal edilən MV7 tipli pilotsuz dəniz aparatlarının ön hissəsində hava dronlarının buraxılması üçün xüsusi platformalar quraşdırılıb.
Sınaqlar zamanı pilotsuz qayıqlar ekipaj tərəfindən idarə olunan Mk VI patrul kateri ilə birlikdə fəaliyyət göstərib. Təlimlərin əsas məqsədi Hind-Sakit okean regionunda mümkün sahilyanı hərbi əməliyyatlar üçün pilotsuz sistemlərin imkanlarını qiymətləndirmək olub.
Ukrayna qüvvələri “Magura” ailəsinə aid dəniz dronlarından Qara dənizdə Rusiya donanmasına qarşı əməliyyatlarda istifadə edib.
Məlumata görə, bu, 2026-cı ildə ABŞ qüvvələrinin Ukrayna istehsalı olan bu tip dəniz aparatlarından istifadəsinin ictimaiyyətə məlum olan ikinci halıdır. Aprel ayında Filippində keçirilən “Balikatan 2026” təlimləri zamanı da həmin ailəyə aid dəniz dronları hədəf gəminin məhv edilməsi sınağında iştirak edib.
Rauf
























