Bir çox tanınmış ulduzların konsertlərini təşkil edən məşhur təşkilatçı Eyyub Hüseynzadə daha bir möhtəşəm musiqi gecəsinə imza atıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu dəfə onun təşkilatçılığı ilə Türkiyənin sevilən müğənnisi Fərhad Köçər Heydər Əliyev Sarayında Bakıda pərəstişkarlarının qarşısında çıxış edib. Gecə boyunca ən hit mahnılarını səsləndirən sənətçi, eyni zamanda, bir çox tanınmış ifaçıların repertuarına müraciət edərək sevilən əsərləri özünəməxsus tərzdə təqdim edib. Tamaşaçılarla səmimi söhbət edən Fərhad Köçər Azərbaycan-Türkiyə qardaşlığından söz açıb. Sənətçi həmçinin maraqlı söhbətləri və yumoristik çıxışları ilə də konsertə əyləncəli anlar qataraq zalda xoş əhval-ruhiyyə yaradıb. Təxminən iki saat davam edən konsert boyunca tamaşaçılar sənətçini tək qoymayıblar. Qonaqlar onun ifa etdiyi bütün mahnılara qoşularaq sözləri əzbərdən söyləyiblər. Hər ifanın sonunda zalı gür alqış səsləri bürüyüb.
Gecənin ən duyğusal anlarından biri isə konsertin sonunda yaşanıb. Fərhad Köçər “Ey, Əziz Anam, Azərbaycan” əsərini səsləndirib. Bu ifa zalda xüsusi coşqu yaradıb, tamaşaçılar ayağa qalxaraq sənətçini alqışlarla qarşılayıblar. F. Köçər çıxışı zamanı bütün Azərbaycan xalqını 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Qeyd edək ki, bu, Eyyub Hüseynzadənin təşkilatçılığı ilə baş tutan sayca dördüncü Fərhad Köçər konserti olub.
Jalə




























