Peru hökumətində ciddi siyasi gərginlik yaranıb. Müdafiə naziri Carlos Diaz və Xarici işlər naziri Hugo de Zela vəzifələrindən istefa veriblər.
İNFOAZ.MEDİA xəbər verir ki, istefalara səbəb Prezident Xose Maria Balcazar tərəfindən ABŞ şirkəti ilə planlaşdırılan F-16 qırıcı təyyarələrinin alınması müqaviləsinin dayandırılması olub.
Prezident bildirib ki, müvəqqəti hökumət bu qədər böyük və strateji əhəmiyyət daşıyan hərbi müqaviləyə imza atmamalıdır. Onun sözlərinə görə, belə qərarlar yalnız tam səlahiyyətli və sabit hökumət tərəfindən verilməlidir.
Qeyd edək ki, F-16 təyyarələrinin alınması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün nəzərdə tutulurdu. Lakin qərarın dayandırılması hökumət daxilində fikir ayrılıqlarını daha da dərinləşdirib.
Analitiklər hesab edir ki, baş verən istefalar Peruda siyasi qeyri-sabitliyin artdığını göstərir və yaxın günlərdə yeni hökumət böhranı ehtimalını gücləndirir.
Rauf
























