Xəbər verdiyimiz kimi, Qusarda icra başçısı ilə sakinlər arasında keçirilən görüşdə maraqlı an yaşanıb. Sakinlərdən birinin problemini dinləyərkən onun sözünün kəsilməsi icra başçısının sərt reaksiyasına səbəb olub. Başçının icra nümayəndəsinə verdiyi xəbərdarlıq diqqət çəkib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun rayonun Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Fərzəliyevə deyib ki, vətəndaşın sözünü kəsmək, ağzını yummaq olmaz, əksinə, onları dinləmək və tələblərini icra etmək lazımdır. Başçının bu məsələdə ictimai rəyə oynamaqdan çox səmimi mövqe ortaya qoyduğu görünür.
Ümumiyyətlə, icra başçılarının son dövrlərdə tənqid olunduğu bir vaxtda belə videonun yayılması ictimai rəydə müsbət qarşılanıb. Cəmiyyətdə “belə başçısı da varmış” yanaşması ilə bu mövqeyə alqış ifadə olunur. Əslində, bu cür düşünən və danışan icra hakimiyyəti başçıları var. İctimaiyyət köhnə təsəvvürlərdən qurtulub belə məmurları daha yaxından tanısa, hökumətlə xalq arasında etimad mühitinin daha da güclənməsi mümkün olar.
Deputat Azər Allarverənov deyib ki, həmin şəxslərə təyinat zamanı Prezidentin verdiyi tapşırıqlar və onların fəaliyyəti ilə bağlı müəyyən edilən əsas müddəalar qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Son təyin olunan icra başçılarının gündəlik fəaliyyətində də məhz bu çərçivə daxilində çalışdıqlarını görürük. Bu fəaliyyəti xalq da müsbət qarşılayır. Xüsusilə son illərdə təyin edilən icra başçılarının fəaliyyəti ilə bağlı ciddi nöqsanların müşahidə olunmaması, ən azı sosial şəbəkələrdə onlar haqqında mənfi məlumatların geniş yayılmaması hökumətlə xalq arasında etimad mühitinin güclənməsinə xidmət edir. Xalqa xidmət göstərən dövlət qulluqçularının, icra başçılarının fəaliyyətlərini vətəndaşların maraqlarına uyğun qurması bu istiqamətdə gözləntilərin də müəyyən mənada doğrulmasına imkan yaradır. Yerli icra hakimiyyəti orqanlarının rəhbərləri olaraq icra başçıları əhalinin gündəlik qarşılaşdığı problemlərin və onları narahat edən aktual məsələlərin həllində mühüm rol oynayırlar”.
Deputat bildirib ki, bu baxımdan, xalqla hökumət arasında təmas yerli icra başçıları vasitəsilə effektiv şəkildə qurulur:
“Məsələn, təmsil etdiyim dairədə və bütövlükdə Sabunçu rayonunda icra başçısı ilə əhali arasında sıx əlaqənin olduğu müşahidə edilir. Müxtəlif səyyar görüşlər vasitəsilə bu təmaslar davamlı şəkildə təşkil olunur. Sabunçunun Bakının ən böyük rayonlarından biri olduğunu nəzərə alsaq, hər həftə müxtəlif qəsəbələrdə belə görüşlərin keçirilməsi əhali ilə birbaşa ünsiyyət baxımından əhəmiyyətlidir. Həmin görüşlərdə çox sayda vətəndaşın iştirak etməsi onların yerli icra hakimiyyəti orqanına olan inamının göstəricilərindən biridir. Bəzən vətəndaş qəbulları ilə icra başçısının keçirdiyi səyyar görüşlər eyni vaxtlara yaxın təşkil edilir və qaldırılan məsələlərin qısa müddət ərzində həll edildiyinin şahidi oluruq. Bu da, şübhəsiz ki, vətəndaşların inamını artırır və etimadı daha da gücləndirir”.// Globalinfo.az
























