Ramazan ayında düzgün qidalanma məsələsi cəmiyyətdə daim aktual olan mövzulardandır. Xüsusilə oruc tutan şəxslərin sağlamlığını qoruması və ibadəti rahat şəkildə yerinə yetirməsi ilə bağlı suallar geniş müzakirə olunur. Bu çərçivədə “Orucluqda necə düzgün qidalanmaq olar və iftar zamanı ən çox edilən qidalanma səhvləri hansılardır?” sualı maraq doğurur.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova infoaz.media-ya açıqlama verib.

O bildirib ki, orucluqda düzgün qidalanmanın əsas prinsipi balans və ölçülülükdür.
Onun sözlərinə görə, sahur zamanı insanı uzun müddət tox saxlayan zülal və lif tərkibli qidalara üstünlük verilməlidir:
“Yumurta, süd və süd məhsulları, az duzlu pendir, tam buğda çörəyi, yulaf və paxlalılar gün ərzində toxluq hissini qorumağa kömək edir. Çərəzlərdən isə bir ovucu keçməmək şərti ilə badam, qoz və fındıq istifadə etmək olar, lakin duzlu və qovrulmuş məhsullar susuzluq yarada biləcəyi üçün məsləhət görülmür”.
Mütəxəssis vurğulayıb ki, sahurda kifayət qədər su qəbul etmək vacibdir.
“Şirin və qazlı içkilərdən uzaq durmaq lazımdır, çünki bu cür içkilər gün ərzində halsızlıq və susuzluq hissini artıra bilər.
İftar zamanı isə ən çox edilən səhvlərdən biri uzun müddət ac qaldıqdan sonra həddindən artıq və sürətli qida qəbul etməkdir.
O qeyd edib ki, orucu əvvəlcə su ilə açmaq, qısa fasilə vermək və daha sonra yüngül, asan həzm olunan yeməklərlə davam etmək daha doğrudur.
“Çox yağlı, qızardılmış və yüksək kalorili qidaların dərhal və çox miqdarda qəbulu mədə-bağırsaq problemlərinə səbəb ola bilər”.
“Məhsəti Hüseynova əlavə edib ki, yeməklər arasında fasilə saxlamaq, şirniyyat və çayı əsas yeməkdən 30–45 dəqiqə sonra qəbul etmək məqsədəuyğundur.“Həm sahurda, həm də iftarda mövsümi tərəvəzlərdən istifadə etmək vitamin-mineral balansını qoruyur və lif tərkibi sayəsində qəbizliyin qarşısını alır. Onun sözlərinə görə, əsas məqsəd orqanizmi yormadan, sağlam və şüurlu şəkildə qidalanmaqdır”.
Laçın Qafarova
























