Mətbuat Şurasının sədri Rəşad Məcid mərhum Xalq şairi Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşüb.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, ötən il Nəriman Həsənzadə Prezident tərəfindən ölkənin ən yüksək mükafatlarından birinə layiq görülüb. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli, Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri ilə birlikdə şairin evində olublar.
“Ötən il Nəriman Həsənzadə Prezident tərəfindən ən yüksək mükafata layiq görüldü. Biz Adil Kərimli, Mədəniyyət Nazirliyinin və Yazıçılar Birliyinin nümayəndələri ilə birlikdə evində ona baş çəkdik”, – deyə Rəşad Məcid bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan Zəfərdən sonra Nəriman Həsənzadənin Azərbaycan Ordusuna həsr etdiyi vətənpərvərlik ruhlu şeirlər cəmiyyətdə xüsusi yer tutub.
“Zəfərimizdən sonra Azərbaycan Ordusuna həsr etdiyi şeirlər vətənpərvərlik ruhunun ən gözəl nümunələrindən idi. Nəriman Həsənzadə bu mövzuda öz sözünü deyən sənətkarlardan biri oldu”, – deyə o vurğulayıb.
Rəşad Məcid qeyd edib ki, Nəriman Həsənzadənin yaradıcılığı Azərbaycan dilinin zənginliyini özündə əks etdirir və gələcək nəsillər üçün əhəmiyyətini qoruyacaq.
“Nəriman müəllimin şeirləri Azərbaycan dilinin bütün qatlarını özündə ehtiva edir. İllər keçsə də, nə qədər ki, bizim gözəl dilimiz yaşayacaq, Nəriman Həsənzadənin gözəl şeirləri də hər yeni nəsil üçün örnək olacaq”, – deyə Mətbuat Şurasının sədri əlavə edib.
Təbriz
























