Yazıçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə mərhum Xalq şairi Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşüb.
İNFOAZ.MEDİA xəbər verir ki, O bildirib ki, bir neçə il əvvəl, Nəriman Həsənzadə 90 yaşını ötəndən sonra ona zəng edərək zarafatla “Natiq, səni Ağsaqqallar Şurasına salmışam” deyib.
“Mən də gülərək dedim ki, “Nəriman müəllim, mən hələ cavan qalmağa çalışıram, siz isə məni Ağsaqqallar Şurasına salmaq istəyirsiniz”. O da gülərək cavab verdi ki, “Mən də özüm oradayam, çalışıram cavan qalım”, – deyə Natiq Rəsulzadə bildirib.
Yazıçı qeyd edib ki, Nəriman Həsənzadə hər zaman nikbin, həyatsevər və xoşxasiyyət insan olub.
“Nəriman müəllimə dedim ki, sizi cavan saxlayan iki əsas xüsusiyyət var. Birincisi, hər gün işləməyinizdir. İkincisi isə xasiyyətinizdir. Mən bir dəfə də olsun onun kiminsə haqqında pis danışdığını eşitmədim. Kimdən soruşurdumsa, hamı onun haqqında yalnız xoş sözlər deyirdi”, – deyə o vurğulayıb.
Natiq Rəsulzadə Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatında və cəmiyyətində silinməz iz qoyduğunu qeyd edərək bildirib ki, onun xatirəsi uzun illər yaşayacaq.
“Ondan çox böyük xatirələr qalıb. Biz onu illər keçsə də xatırlayacağıq. Allah rəhmət eləsin”, – deyə yazıçı fikirlərini tamamlayıb.
Təbriz
























