image-1338759backend

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? – Alimlərdən diqqətçəkən araşdırma

Harvard Universiteti və Kvinslend Universitetinin alimləri 21 minə yaxın uşaq üzərində araşdırma aparıb.

Tədqiqat zamanı uşaqların doğum ayı ilə koqnitiv inkişafı arasındakı əlaqə araşdırılıb.

Alimlər uşaqların inkişafını doğulduqları andan 7 yaşınadək izləyiblər.

Araşdırmanın nəticələrinə görə, oktyabr, noyabr və dekabr aylarında doğulan uşaqlar koqnitiv testlərdə yaşıdları ilə müqayisədə daha yüksək nəticələr göstərib.

Məlum olub ki, ilin son üç ayında doğulan uşaqlar yay aylarında dünyaya gələn yaşıdları ilə müqayisədə doğulduqları zaman orta hesabla bir qədər daha uzun və ağır olublar. Onların baş çevrələrinin də daha geniş olduğu müəyyən edilib.

Araşdırmada uşaqların 7 yaşında keçirilən zehni performans testlərinin nəticələri də diqqət çəkib. Qış aylarında doğulan uşaqların bu testlərdə statistik baxımdan cüzi üstünlüyə malik olduğu müəyyənləşib.

Alimlər bunun birbaşa doğum ayı ilə bağlı olmadığını bildirirlər.

Mütəxəssislərin fikrincə, hamiləlik dövründə mövsümi amillər də müəyyən rol oynaya bilər. Belə ki, qış aylarında doğuş edən anaların hamiləliyinin son ayları əsasən yay mövsümünə təsadüf edir. Günəş işığının çox olması, D vitamini və təzə qidalara çıxış kimi amillərin dölün inkişafına təsir göstərə biləcəyi ehtimal edilir.

Bununla yanaşı, alimlər “nisbi yaş effekti”nin də mühüm rol oynaya biləcəyini vurğulayırlar.

Eyni sinifdə oxuyan uşaqlar arasında bir neçə aya çatan yaş fərqi yarana bilər. Erkən uşaqlıq dövründə isə cəmi bir neçə aylıq inkişaf fərqi belə dil bacarıqları, diqqət müddəti və öyrənmə qabiliyyətinə təsir göstərə bilər.

Alimlər qeyd edirlər ki, bu nəticələr qış aylarında doğulan uşaqların daha ağıllı olduğu anlamına gəlmir. Uşağın koqnitiv inkişafına doğum ayı ilə yanaşı, genetika, ətraf mühit, ailə şəraiti və təhsil kimi bir çox amil təsir göstərir.Milli.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki